Bu gün Azərbaycan Premyer Liqasında ən çox azarkeşi olan iki komanda qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında ən çox azarkeşi olan iki komanda qarşılaşacaq "Xəzər Lənkəran"ın baş məşqçisi sabiq komandası ilə üz-üzə gələcək, Bəhmən Həsənov isə "Rəvan"da yenidən debüt edəcək
Futbol
24 Oktyabr , 2015 10:02
Bu gün Azərbaycan Premyer Liqasında ən çox azarkeşi olan iki komanda qarşılaşacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, Gəncədə "Kəpəz" "Xəzər Lənkəran"ı, Bakıda isə "İnter" "Rəvan"ı qəbul edəcək.

"Kəpəz" əvvəlki 2 turu, "Xəzər Lənkəran" isə ötən matçını qələbə ilə başa vurub. Əslən gəncəli olan Lənkəran komandasının baş məşqçisi Yunis Hüseynov vaxtilə futbolçu kimi çıxış etdiyi komanda ilə üz-üzə gələcək. Digər tərəfdən, bu, Premyer Liqanın ən böyük azarkeş kütləsinə malik komandalarının qarşılaşması kimi əlamətdar olacaq.

İndiyədək “Kəpəz”lə "Xəzər Lənkəran” arasında 12 oyun olub. Qarşılaşmalardan 1-də Gəncə, 10-da Lənkəran təmsilçisi qələbə qazanıb, daha 1 matç isə heç-heçə ilə nəticələnib. Vurulan qollar nisbətində də cənublular üstündürlər - 20:8. “Xəzər Lənkəran” əvvəlki 12 oyunun hamısında “Kəpəz”in qapısına qol vurub. "Ağ-yaşıllar" son 7 qarşılaşmada qol sevinci yaşayıb.

Günün növbəti oyununun iştirakçılarına gəldikdə, "İnter" son 2 matçda, "Rəvan" isə mövsüm başlayandan qələbəyə həsrət qalıb. Ardıcıl 5 məğlubiyyətdən sonra qonaq komandanın baş məşqçisi Emin Quliyev istefaya göndərilib. Bugünkü matça "Rəvan" yeni baş məşqçi Bəhmən Həsənovun rəhbərliyi altında çıxacaq. Əvvəllər də bir neçə dəfə bu komandanın sükanı arxasında olmuş Həsənovun indi necə debüt edəcəyi maraqla gözlənilir.

Əvvəlki 8 qarşılaşmanın hamısında qol vuran “İnter” bütün oyunlarda qalib gəlib. Son 6 paytaxt derbisində isə “İnter” 2 və ya daha çox qola imza atıb.

Azərbaycan Premyer Liqası, IX tur

24 oktyabr

15:00. "Kəpəz” – "Xəzər Lənkəran”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

17:00. "İnter” – "Rəvan”

Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

Bakı, "İnter Arena”.

Son xəbərlər

Orphus sistemi