Bu gün AVRO-2016-ya yollanacaq son iki komanda müəyyənləşəcək

Bu gün AVRO-2016-ya yollanacaq son iki komanda müəyyənləşəcək 4 komandadan 2-si Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq
Futbol
17 Noyabr , 2015 10:20
Bu gün AVRO-2016-ya yollanacaq son iki komanda müəyyənləşəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gecə futbol üzrə AVRO-2016-nın bütün iştirakçılarının adına aydınlıq gələcək. "Report"un məlumatına görə, gecədə "play-off"da mübarizə aparan 4 komandadan 2-si Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Ukrayna millisi Sloveniyanın qonağı olacaq. Bu görüşdə qonaqlar üstünlüyə malikdir. Lvovda keçirilmiş ilk oyunda rəqib qapısından 2 cavabsız top keçirən Ukrayna yığması cütün favoriti hesab olunur. Ukrayna seçmə mərhələnin C qrupunda İspaniya və Slovakiyadan sonra 3-cü olub. Sloveniya isə E qrupunda İngiltərə və İsveçrədən sonra qərarlaşaraq "play-off"a yüksəlib. Mariborda keçiriləcək qarşılaşmanı türkiyəli FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər görüşdə isə Danimarka İsveçi qəbul edəcək. Kopenhagendə keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi başlayacaq. Buna səbəb İsveçin doğma meydanda 2:1 hesablı qələbə qazanmasıdır. Lakin bu hesab "sürüşkən" olduğundan demək olar ki, hər iki komandanın növbəti mərhələ şansları eynidir. Seçmə mərhələnin G qrupunda Avstriya və Rusiya millisindən geri qalan İsveçlə İ qrupunda Portuqaliya və Albaniyadan zəif olan Danimarkanın görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

AVRO-2016, "play-off" mərhələsi, cavab oyunları

23:45. Sloveniya - Ukrayna

Baş hakim: Cüneyt Çakır

Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun.

Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek

Dördüncü hakim: Mustafa Eyisoy (hamısı Türkiyə)

Maribor. Lyudski stadionu

İlk oyun: Ukrayna - Sloveniya - 2:0.

23:45. Danimarka - İsveç

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mullarkey, Stefen Çayld

Əlavə köməkçi hakimlər: Antoni Taylor, Andre Marriner

Dördüncü hakim: Con Bruks (hamısı İngiltərə)

Kopenhagen. Telya Parken.

İlk oyun: İsveç - Danimarka - 2:1.

Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları "play-off" mərhələsindən qalib ayrılaraq Parisə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi