Yuxarı

​Bu gün "Qızıl top"un sahibi açıqlanacaq

Mərasim Bakı vaxtı ilə saat 21:30-da başlayacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün dünya futbolunda 2015-ci ilin ən yaxşılarının adları açıqlanacaq. "Report"un məlumatına görə, FİFA-nın təşkil etdiyi mərasim İsveçrənin Sürix şəhərində keçiriləcək.

Mərasimdə ilin ən yaxşı qadın və kişi futbolçusu, qadın və kişi futbolunun ən yaxşı baş məşqçisi, ilin ən yaxşı qolu, ilin 11-liyi, ilin "fair-play" mükafatı öz sahiblərini tapacaq.

"Qızıl top" mükafatı uğrunda ilk olaraq 23 futbolçunun adı açıqlansa da, sona 3 namizəd qalıb. Bunlar "Real Madrid"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu və "Barselona"da forma geyinən argentinalı Lionel Messi ilə braziliyalı Neymardır. Ronaldu 3 dəfə (2008, 2013, 2014), Messi isə 4 dəfə (2009, 2010, 2011, 2012) bu mükafata layiq görülüb.

Digər nominasiyalar üzrə namizədlər bunlardır:

Ən yaxşı qadın futbolçu: Çarli Lloyd (ABŞ), Aya Miyama (Yaponiya), Seliya Saşiç (Almaniya).

Kişi futbolunda ən yaxşı baş məşqçi: Xosep Qvardiola ("Bavariya"), Luis Enrike ("Barselona"), Xorxe Sampaoli (Çili)

Qadın futbolunda ən yaxşı baş məşqçi: Jill Elyis (ABŞ), Mark Sampson (İngiltərə), Norio Sasaki (Yaponiya)

Puşkaş mükafatı (ən yaxşı qol): Alessandro Florensi ("Roma", İtaliya), Vendell Lira ("Qoyaneziya", Braziliya), Lionel Messi ("Barselona")

2015-ci ilin simvolik 11-liyi 4-3-3 sistemi ilə 70 ölkədən verilən 25 min səs nəticəsində müəyyənləşib.

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi