Braziliyalı futbolçu: "Qarabağ"a ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm"

Braziliyalı futbolçu: "Qarabağ"a ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm" “Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm. Klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir”.
Futbol
5 İyul , 2019 13:28
Braziliyalı futbolçu: Qarabağa ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm

“Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm. Klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir”.

“Report” xəbər verir ki, bunları “Qarabağ”ın yeni transferi Ailton Silva klubun rəsmi saytına müsahibəsində deyib. Almaniyanın “Ştutqart” klubundan 1 illik icarəyə götürülən cinah müdafiəçisi vaxtı ilə “Neftçi”nin formasını geyindiyini xatırladıb: “O zaman “Qarabağ”la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam. “Qarabağ”la avrokuboklarda oynamaq şansı daha çoxdur və daha çox diqqət mərkəzində olursan. “Qarabağ”ın hücum, baxımlı futbol oynadığını bilirəm. Komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burada əlimdən gələni edəcəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamağa gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.

Silva qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim. Düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar? Cavab görüşündə meydanda olmaq üçün çalışacam”.

Braziliyalı futbolçu komandaya tez uyğunlaşacağını deyib: “Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm. Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım. O, burada gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk oyununu iyulun 10-da Albaniyada keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi