Moskva. 3 iyul. REPORT.AZ / Rusiyada keçirilən dünya çempionatının 1/8 final mərhələsinin Braziliya-Meksika matçında onlarla azərbaycanlı futbol azarkeşi iştirak edib.
"Report"un Rusiya bürosu xəbər verir ki, qarşılaşmanı izləmək üçün azərbaycanlı futbolsevərlər Bakıdan Samaraya gəliblər. Onları yerli Azərbaycan diasporu qarşılayıb və birlikdə stadiona gediblər. Soydaşlarımız oyundan əvvəl Braziliya və Meksika komandalarının fanatları ilə şəkil çəkdiriblər.
Azarkeşlər stadionda Azərbaycan və Türkiyənin milli bayraqlarını qaldırıblar.
Bakı şəhər sakini Ucal Qasımov təəssüratlarını bölüşüb: "Böyük futbol həvəskarı kimi, deyə bilərəm ki, dünya çempionatını canlı izləmək xoşbəxtlikdir. Oyun gözəl, stadiondakı ab-hava möhtəşəm idi. Mən Rusiyada bundan əvvəl də olmuşam, amma belə bayram görməmişəm".
Samara Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Şirvan Kərimov isə fikrini belə ifadə edib: "Bütün dünyadan, xüsusilə doğma Azərbaycanımızdan futbolsevərləri qəbul etmək bizim üçün şərəfdir. Biz tarixi Vətənimizdə keçirilən bütün idman tədbirlərini diqqətlə izləyirik. İki ildən sonra Bakı futbol üzrə Avropa çempionatının oyunlarını qəbul edəndə biz mütləq gəlib Azərbaycanı dəstəkləyəcəyik".