​Böyükağa Hacıyev: "Qarabağ"ın şansı "Qəbələ"dən çoxdur"

​Böyükağa Hacıyev: "Qarabağ"ın şansı "Qəbələ"dən çoxdur" "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır"
Futbol
27 Avqust , 2015 13:47
​Böyükağa Hacıyev: Qarabağın şansı Qəbələdən çoxdur

Bakı. 27 avqust. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının pley-off mərhələsində cavab görüşləri haqda fikirlərini bildirib. "Neftçi"nin sabiq baş məşqçisi "Report"a açıqlamasında mərhələ keçdikcə çətinliklərin olduğunu deyib: "Komandalar ələnir və yüksək mərhələyə yaxşılar gəlir. Həm "Qəbələ", həm də "Qarabağ"ın ilk oyunlarına baxmışıq. Hər iki komanda yığışmalı, bütün ciddiyyətini ortaya qoymalıdır".

B.Hacıyev komandaların qrup mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirərkən bildirib ki, "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın şansı daha çoxdur: "1:0 hesabı "Qarabağ"ın üstünlüyüdür. Amma burada 0:0 hesabı olmayacaq. Ya "Qarabağ", ya da rəqib qol vuracaq. Oyuna ciddi yanaşılmalıdır. "Qəbələ" də ilk oyunda qol vurmayıb. Onların şansı 50-50-yədir. Futbolda əvəzolunmaz komanda yoxdur".

Məşqçilər Komitəsinin üzvü vaxtilə baş məşqçisi olduğu "Neftçi" haqda isə danışmaq istəməyib. O, məsələni bu cür izah edib: "Mən "Neftçi" haqda danışmağı tərgitmişəm. Çünki o komanda mənə çox yaxın olub və 3 ildə 6 nəticə vermişəm. İndi "Neftçi"ni belə görəndə danışmaq istəmirəm".

B.Hacıyev yenidən "Neftçi"yə qayıdacağını istisna etməyib: "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır. Sabah nə olacağını bilmək olmaz. Orada işləyənlərə uğurlar arzu edirəm". 

Son xəbərlər

Orphus sistemi