Böyük oyunda qələbə topunun müəllifi "Xəzər Lənkəran"ın tarixinə düşüb

Böyük oyunda qələbə topunun müəllifi "Xəzər Lənkəran"ın tarixinə düşüb İbrahim Qədirzadə 16 yaş 11 ay 12 günlüyündə fərqlənib
Futbol
3 Mart , 2016 12:43
Böyük oyunda qələbə topunun müəllifi Xəzər Lənkəranın tarixinə düşüb

Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"nin qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb. "Report"un cənub klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qolun müəllifi komandasının tarixində buna nail olan ən gənc futbolçu olub. 

Sayca 41-ci “Böyük oyun”un taleyini həll edən Qədirzadə 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək yarımmüdafiəçi bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.

Bunadək rekord komandanın sabiq kapitanı Rahid Əmirquliyevə məxsus olub. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu hadisə də kubok matçına - 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə qarşılaşmaya təsadüf edib. Rekord təxminən 10 il duruş gətirsə də, gənc oyunçu bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Premyer Liqanın VIII turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.

Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Əmirquliyevə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.

Ümumilikdə isə Qədirzadə “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley – 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşayıb. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqov isə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub.

Son xəbərlər

Orphus sistemi