Yuxarı

​Böyük Britaniyalı boksçu: "Məhəmmədrəsul Məcidovla döyüşdən həzz aldım"

Cozef Coys Azərbaycan təmsilçisi ilə Türkiyədə keçirdiyi döyüşdən danışıb

Bakı. 29 aprel. REPORT.AZ/ Böyük britaniyalı boksçu Cozef Coys Türkiyənin Samsun şəhərində Avropa Olimpiya Təsnifat Turnirinin finalında Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidovla keçirdiyi döyüşdən danışıb. "Report"un məlumatına görə, 31 yaşlı idmançı 91 kq çəki dərəcəsində baş tutmuş görüşdən 2:1 hesablı qələbə ilə ayrıldığı üçün çox sevindiyini bildirib.

O deyib ki, Məcidovla döyüşməyi hər zaman arzulayıb: "Əvvəllər də belə bir görüş barədə fikirləşirdim. Nəhayət, Türkiyədə bu şansı əldə etdim. Yaxşı döyüş alındı. Qarşılaşmadan həzz aldım. Məcidov əsl rəqib idi. Yalnız bir hakim zərbələrimiz arasında fərq qoydu".

Döyüşün gedişi barədə danışan böyük britaniyalı boksçu azərbaycanlı rəqibinin sağ əlini izlədiyini söyləyib: "Rəqibim sağ əli ilə bir neçə dəfə zərbə endirməyə cəhd etdi. Özüm isə həqiqətən də yaxşı müdafiə olundum. Sadəcə, bir epizodda məni zərbəsi tutdu".

Hər 2 boksçu ilk "3-lüy"ə düşdüyü üçün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, Məcidov üçün "London-2012"dən sonra ikinci olimpiada olacaq. Coys isə ilk dəfə olimpiadaya qatılacaq. Vətənində keçirilmiş Oyunlarda Böyük Britaniyanı onun həmyerlisi Entoni Coşua təmsil edib və qızıl medal qazanıb. Hazırda Coşua peşəkar boks döyüşlərinə qatılır. 

Qeyd edək ki, Cozef Coys Məhəmmədrəsul Məcidovla ilk dəfə 2013-cü ildə Belarusun paytaxtı Minskdə döyüşməyə yaxın olub. Lakin həmin vaxt yarımfinalda rusiyalı Sergey Kuzminlə qarşılaşmada o, buxağından zədələnib və mübarizəni dayandırıb. Azərbaycanlı boksçu isə finalda Kuzmini yenərək çempion olub. "Bakı 2015" I Avropa Oyunlarında Məcidov göz nahiyəsindən dirsək zərbəsi aldığı üçün rusiyalı Həsən Hümbətovla yarımfinal görüşünə çıxa bilməyib. Böyük britaniyalı boksçu isə finalda Hümbətovu da yenərək, qızıl medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi