Yuxarı
    Bağlamaq

    Belçikalı məşhur FİFA referisi Azərbaycana gəlib

    O, Ömər Paşayevin idarə edəcəyi oyunu izləyəcək

    Bakı. 28 noyabr. REPORT.AZ/ Belçikalı sabiq FİFA referisi Frank de Bleker Azərbaycana gəlib. "Report"un məlumatına görə, AFFA-nın dəvəti ilə Bakıya gələn 49 yaşlı sabiq FİFA referisi bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb.

    Görüşdə Blekerlə yanaşı, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak edib. 1 saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verilib.

    Belçikalı referi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. Azərbaycandan həmin kursda referi Ömər Paşayev eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər. Səfərin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərin idarə etdiyi oyunlara baxmaq və bu barədə lazım olan qurumlara məlumat verməkdir.

    Bu səbəbdən o, ölkə çempionatının XIV turunun AZAL - "Sumqayıt", "Zirə" – "Xəzər Lənkəran" və Ömər Paşayevin baş hakim olduğu "Neftçi" – "Qarabağ" matçını izləyəcək.

    Qeyd edək ki, Frank de Bleker 14 il FİFA hakimi olub və 2 dünya, eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib. Bleker Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi