Bakı. 23 yanvar. REPORT.AZ/ Belarus İstintaq Komitəsi (İK) danışılmış oyunların təşkilində ittiham olunan bir sıra şəxslərə qarşı araşdırmaları başa vurub.
"Report"un məlumatına görə, müvafiq sənədlər baxılması üçün məhkəməyə veriləcək. Danışılmış oyunlarla əlaqədar 15 şəxs ittiham olunur. Əslində isə cinayət işi 20 nəfərə açılıb. Lakin günahlarını boyunlarına aldıqları üçün onlardan 5-i məsuliyyətdən azad olunub.
İstintaqla müəyyən edilib ki, Ukrayna və Rusiya vətəndaşları, nəticələrə təsir göstərmələri məqsədilə Belarusun yüksək və I Liqa komandalarındakı futbolçulara pul veriblər. Həmin vəsaitlər gəlir gətirmələri üçün xarici bukmeyker kontorlarına qoyulub. Bütün ittiham olunanlar ifadələrində belə hərəkətə yol verdiklərini etiraf ediblər və qeyri-qanuni yolla əldə etdikləri qazancı dövlətə qaytarıblar.
Qeyd edək ki, Cinayət Kodeksinə əsasən, peşəkar idman yarışları, baxımlı kommersiya müsabiqələri iştirakçıları və təşkilatçılarının satın alınması 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.