Yuxarı

"Rəvan"ın baş məşqçisi: "Futbolçular maaşların nə zaman ödəniləcəyini soruşur"

Məşqi boykot etməkdən, oyuna çıxmamaqdan söhbət gedə bilməz

Bakı. 2 fevral. REPORT.AZ/ "Bu gün 26 futbolçu və 4 qapıçı ilə məşq keçmişik. Saat birə qalmış məşqimizi başa vurmuşuq və heç kim də mənə maaşla bağlı etirazını bildirməyib". Bunu "Report"a açıqlamasında "Rəvan" klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

Maliyyə problemi səbəbindən bir neçə futbolçu komandanı tərk etsə də, B.Həsənov hazırda məşqlərin normal davam etdiyini söyləyib: "Hər hansı məşqi boykot etməkdən, oyuna çıxmamaqdan söhbət gedə bilməz. Düzdür, futbolçular maaşların nə zaman ödəniləcəyini soruşur. Bu məsələni də rəhbərliklə danışmışam və fevralın 5-dək maaşlar ödəniləcək. Noyabr və dekabr aylarının borcları isə hissə-hissə veriləcək".

55 yaşlı mütəxəssis Premyer Liqanın növbəti turlarındakı rəqiblərindən danışıb: "Ardıcıl olaraq "Neftçi", "Zirə" və "Qəbələ" komandaları ilə ağır oyunlarımız var. Xal qazanmaq üçün nə etməyin lazım olduğunu düşünürəm. Rəqiblər çox güclüdür. Lənkəranda qolsuz başa çatan oyunda qələbə qazana bilərdik. Ancaq demək olar ki, bəxtimiz gətirmədi".

Qeyd edək ki, "Rəvan" FİFA-nın sanksiyasından sonra 6 xalından məhrum olub. Hazırda klub Azərbaycan Premyer Liqasında 7 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi