Yuxarı

Bəhlul Mustafazadə: "Top 100 faiz əlimə dəyməmişdi" - MÜSAHİBƏ

Bəhlul Mustafazadə: "Top 100 faiz əlimə dəyməmişdi" - MÜSAHİBƏ

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda vurduğu təmiz qolu sayılmayan Bəhlul Mustafazadə “Report”un Budapeştə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb...

- Matçı necə dəyərləndirirsiniz?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki onlara da xal lazım idi. Qrupdan çıxmağa namizəd komanda kimi mütləq qələbə qazanamlıydılar. Biz də vuruşduq, əlimizdən gələni etdik. Nəticə belə alındı.

- Qarşılaşmanın 90+4-cü dəqiqəsində sayılmayan qolunuz barədə nə deyə bilərsiniz?

- Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top yüz faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüf edirəm. Heç-heçə ola bilərdi.

- Gənc futbolçu kimi qolun sayılmaması psixoloji cəhətdən mənfi təsir edə bilər?

- Xeyr. Bunlara öyrəşməliyik. Futboldur, belə şeylər olur. Edə biləcəyimiz bir şey yoxdur. Gələn oyunlarda müsbət nəticə qazanmaq lazımdır.

- Əsas milliyə yeni cəlb edilsəniz də son matçlarda komandada uzun müddət olan biri kimi çıxış edirsiniz. Bunun sirri nədədir?

- U-15-dən bəri bütün milli komandalarda oynamışam. Ona görə də qeyri-adi, ciddi bir şey olduğunu düşünmürəm. Davamlı beynəlxalq matçlarda iştirak etdiyim üçün çətinlik hiss etmirəm.

- Yaxşı mərkəz müdafiəçisi kimi yetişməyinizdə daha çox kimin əməyini qeyd edə bilərsiniz?

- Yetişməyimə hələ var. Futbola İmişlidə başlamışam, orada mənim üçün əziyyət çəkənlər çox idi. Qəbələyə orta xətt oyunçusu kimi gəlmişdim. Amma orada məni mərkəz müdafiəçisi etdilər. Onların, çox adamın, aşağı yaş qruplarında baş məşqçim olan Nikolay Adamın əməyi var.

- Bugünkü oyunun keyfiyyətini necə dəyərləndirirsiniz?

- Rəqibin təzyiq edəcəyini bilirdik. Qrupdan çıxmaq şansları olduqları üçün bizi sıxacaqlarını təxmin edirdik. Çalışdıq ki, qol buraxmayaq və şans düşən kimi dəyərləndirək. Bunu hardasa bacardıq. Amma referi qolumuz qeydə almadı.

- Start həyəcanı illərdir oyunçularımızdan əl çəkmir. Bu gün də bunu gördük. Çıxış yolunu nədə görürsünüz?

- Mənim üçün bir söz demək çətindir. Bəlkə də, rəqib bizdən güclü olduğun üçün ilk 15-20 dəqiqəni irəlidə basqı edib qol vurmağa çalışırdı. Özümüz barədə bir söz deyə bilmirəm.

- Bəlkə, bəzi futbolçuların fiziki cəhətdən hazır olmaması milli komandanı “yükləyir”?

- Belə deməzdim. Çünki oyunun əvvəlində fiziki hazırlıq barədə nəsə söyləmək düzgün deyil. Bəlkə də psixoloji nəsə ola bilər.

- Baş məşqçi Nikola Yurçeviç komandaya yeni ruh gətirib?

- Bunu siz deyə bilərsiniz. Çünki əvvəlki məşqçilərlə işləməmişəm. Düşünürəm ki, son oyunlarda vuruşuruq. Xal alırıq, buna yaxın oluruq.

- Müsbət nəticələr qazanmaq üçün hansı addımlar atılsa, daha yaxşı olar?

- Hər şey futbolçuların özündən asılıdır. Hər kəs öz üzərinə düşəni etməlidir. Milli komandaya gələn oyunçu fiziki və psixoloji cəhətdən tam hazır olmalıdır.

- Qrupda çox güclü rəqiblərə qarşı oynadınız. Bu, nöbəti tsiklda sizə nə dərəcədə kömək edə bilər?

- Bu cür rəqiblərə qarşı oynamağımız yaxşı haldır. Çünki tempə alışırıq. Növbəti tsiklda nəsə etmək, 1 – 2 xal yox, daha yaxşı nəticə qazanmaq lazımdır ki, azarkeşlərimizi sevindirək.

- Yurçeviçin komandada qalıb-qalmaması barədə nə deyə bilərsiniz?

- Bu, mənim üzərimə düşən bir şey deyil. Bu haqda nəsə deyə bilmərəm. Belə baxanda onun vaxtında əsas millidə debüt etmişəm. Futbolçu milliyə gəlirsə, onun üçün baş məşqçinin kim olmağı fərq etmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi