Yuxarı

"Bavariya" ardıcıl 5-ci dəfə Almaniya çempionu olub - VİDEO

"Bavariya" ardıcıl 5-ci dəfə Almaniya çempionu olub - VİDEO
Bu, Volfsburq üzərində 6:0 hesablı səfər qələbəsindən sonra gerçəkləşib

Bakı. 29 aprel. REPORT.AZ/ "Bavariya" klubu vaxtından əvvəl futbol üzrə Almaniya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, bu, Bundesliqanın XXXI turunda "Volfsburq" üzərində 6:0 hesablı səfər qələbəsindən sonra gerçəkləşib. Xallarını 73-ə çatdıran Münhen təmsilçisi ən yaxın izləyicisi "Leyptsiq"i 10 xal geridə qoyub və sona 3 tur qalmış əsas rəqibi üçün əlçatmaza çevrilib.

Bu, "Bavariya"nın ardıcıl 5-ci, tarixində isə 27-ci çempionluğu olub.

Komandanın baş məşqçisi Karlo Ançelotti isə Avropanın 4 müxtəlif top-liqasının qalibi adını qazanan ilk mütəxəssis olub. Əvvəllər Ançelotti İtaliya A Seriyası ("Milan"), İngiltərə Premyer Liqası ("Çelsi") və Fransa Liqa 1-nin (PSJ) çempionu olub. İspaniyada isə o, "Real Madrid"la La Liqa qalibiyyəti istisna olmaqla, bütün titulları - ölkə kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionluğu qazanıb.

Qeyd edək ki, "Bavariya" bu mövsüm Çempionlar Liqasında 1/4 finalda mübarizəni dayandırıb. Almaniya klubu "Real Madrid"ə hakim səhvləri nəticəsində əlavə vaxtda uduzub - 1:2, 2:1 (0:3). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi