"Barselona" üzərində qələbə "Roma"nın səhmlərinin dəyərini 19,8% artırıb

"Barselona" üzərində qələbə "Roma"nın səhmlərinin dəyərini 19,8% artırıb Səhmlərin qiymətində pik hədd "Qarabağ" üzərində qələbədən sonraya təsadüf edib
Futbol
12 Aprel , 2018 10:04
Barselona üzərində qələbə Romanın səhmlərinin dəyərini 19,8% artırıb

Bakı. 12 aprel. REPORT.AZ/ Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya "Barselona"sını üstələdikdən sonra İtaliyanın "Roma" klubunun səhmlərinin dəyəri 19,8% artıb.

"Report"un məlumatına görə, artım Roma Fond Birjasında qeydə alınıb. Klubun səhmləri martın 13-də "sarı-qırmızılar"ın Ukrayna "Şaxtyor"unu 1/8 final mərhələsinin cavab görüşündə üstələdiyi vaxt 0,6 avroya satılıb. Lakin 1/4 finalda "Barselona" ilə üz-üzə gələcəyi müəyyənləşdikdən sonra "canavarlar"ın səhmlərinin dəyəri 4% enib. O vaxtdan eniş 12,5 faizədək davam edib. Lakin "Barsa" üzərində 3:0 hesablı qələbədən bir neçə saat sonra səhmlərin dəyəri artıb və biri 0,49 avroya satılıb.

Lakin pik hədd "Roma"nın qrup mərhələsinin son turunda evdə "Qarabağ"ı 1:0 hesabı ilə yenərək, 1/8 finala vəsiqə qazandığı 2017-ci il dekabrın 5-nə təsadüf edib. Həmin vaxt klubun bir səhmi 0,89 avroya satılıb. Lakin eyforiya çəkildikdən sonra səhmin dəyəri 0,64 avro olub.

"Roma"nın səhmlərinin dəyəri təkcə idman nəticələri ilə bağlı artmayıb. Ötən ilin aprelində Ramon Monçinin İspaniya "Sevilya"sından idman direktoru vəzifəsinə gətirilməsindən sonra səhmlərin dəyəri bir həftə ərzində 16,7 faiz artıb. Monçi naməlum və ucuz istedadları tapıb üzə çıxarmaq bacarığına malik ən yaxşı idman direktorlarından sayılır.

Qeyd edək ki, "Roma" 1/4 finala yüksəldiyi üçün 7,5 milyon avroya sahib olub. Bu mövsüm klubun Çempionlar Liqasından qazancı isə 40 milyon avroya çatıb.

Son xəbərlər

Orphus sistemi