"Barselona" və "Bavariya" Çempionlar Liqasında 1/4 finala yüksəlib - VİDEO

"Barselona" və "Bavariya" Çempionlar Liqasında 1/4 finala yüksəlib - VİDEO Luis Enrikenin yetirmələri Londonda olduğu kimi "Kamp Nou"da da iki top fərqi ilə qalib gəliblər
Futbol
17 Mart , 2016 02:22
Barselona və Bavariya Çempionlar Liqasında 1/4 finala yüksəlib - VİDEO

Bakı. 17 mart. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin sonuncu iki iştirakçısı martın 16-da müəyyənləşib.

"Report"un məlumatına görə, paralel oynanılan görüşlərdən biri İspaniyada, digəri isə Almaniyada baş tutub. 

“Nou Kamp”da “Arsenal”ı qəbul edən “Barselona” komandası mərhələnin ilk matçında olduğu kimi cavab oyununda da qalıb gəlib. Katalon təmsilçisi 18-ci dəqiqədə Neymarın qolu ilə hesabı açıb. 51-ci dəqiqədə “Arsenal” Elneninin qolu ilə hesaba tarazlıq gətirib. 14 dəqiqə sonra Suares meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Messi qoyub -3:1.

Günün ən maraqlı matçı Münhendə, “Alyans Arena” stadionunda keçirilib. İlk oyunda Turində “Yuventus” ilə qarşılaşmadan sülhlə (2:2) ayrılan “Bavariya” görüşün əsas vaxtında eyni tale ilə üzləşib və sonda əzmkarlıq sayəsində matçı uzatma dəqiqələrinə daşıyıb.

Münhenlilər 6-cı dəqiqədə müdafiəçilərin və Noyerin səhvindən sonra qapısında qol görüb. Pol Poqba “Yuventus”u hesabda irəli çıxarıb. Qoldan sonra özünü cəmləyə bilməyən Qvardiolanın yetirmələri 28-ci dəqiqədə ikinci qola məyus olub. Turin təmsilçisinin heyətində Kuadrado fərqlənib.

Alman maşını təslim olmayıb və 70-ci dəqiqədən sonra işə düşüb. Rəqib qapısı qarşısında hücumlarının sayını və kəsərini artıran “Bavariya” 73-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə fərqi azaldıb. Final fitinə az qalmış isə Müller komandasını məğlubiyyətdən xilas edib - 2:2.

Əlavə olunmuş 30 dəqiqə ərzində münhenlilər əzmkar oyunla daha iki dəfə Buffonun qapısına yol tapıb. “Bavariya” Tyaqo və Komanın 108 və 110-cu dəqiqələrdə vurduqları qolla adını 1/4 finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi