Yuxarı

​Banişevskinin forması "Marakana" muzeyinə verilib - FOTO

Neftçi klubunun rəsmiləri Braziliyada işgüzar səfərdədir

Bakı. 19 avqust. REPORT.AZ/ "Neftçi"nin Braziliyada işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov "Marakana" muzeyinin nümayəndələri ilə görüşüblər. "Report"un xəbərinə görə, bu barədə klub saytı məlumat yaylb.

Görüşdə Azərbaycan futbol tarixinin ən köklü klubu olan "Neftçi" barədə məlumatlar verilib.

Daha sonra peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış Anatoli Banişevskinin "Marakana"da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçu A.Banişevskinin forması muzeyə hədiyyə edilib. Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər "Neftçi"nin əfsanəvi "9" nömrəsinin formasını da görə biləcəklər.

Qeyd edək ki, Anatoli Banişevski 21 noyabr 1965-ci il tarixində Braziliyanın "Marakana" stadionuna toplaşmış 132 min azarkeşin qarşısında keçirilmiş Braziliya - SSRİ matçında başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırıb. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında "qızıl baş" ləqəbi ilə qalan əfsanə futbolçu bu günə kimi də "Marakana" stadionunda qol vurmuş yeganə azərbaycanlı futbolçudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi