Yuxarı

Bakıdakı Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib

Bakıdakı final oyununa gələcək turistlər üçün sayt

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib. 

Dövlət Turizm Agentliyindən "Report"a bildirilib ki, veb-saytı Azərbaycan Turizm Bürosu Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədi ilə hazırlayıb.

İnformativ xarakterli https://bakufinal.azerbaijan.travel/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.

Həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, “Baku Card”dan istifadə qaydaları izah olunur.

Dövlət Turizm Agentliyi mayın 29-da UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları, xüsusən, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə fəaliyyət göstərəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla, digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.

Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəfəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi