"Karvan"ın və Tofiq Bəhramov üçün verilən formanın nümayiş etdirildiyi Avropa Liqası Muzeyindən REPORTAJ - FOTO

"Karvan"ın və Tofiq Bəhramov üçün verilən formanın nümayiş etdirildiyi Avropa Liqası Muzeyindən REPORTAJ - FOTO Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin son günlərində Bakıda Avropa Liqası Muzeyi fəaliyyətə başlayıb. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində qurulan muzey futbolsevərlərin marağ
Futbol
5 Yanvar , 2019 12:00
Karvanın və Tofiq Bəhramov üçün verilən formanın nümayiş etdirildiyi Avropa Liqası Muzeyindən REPORTAJ - FOTO
Report/Firi Salim

Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin son günlərində Bakıda Avropa Liqası Muzeyi fəaliyyətə başlayıb. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində qurulan muzey futbolsevərlərin marağına səbəb olub.

"Report"un əməkdaşı buna qurğu ilə tanışlıq zamanı şahidlik edib. 

Muzeyə daxil olmaq üçün əvvəlcə yoxlanışdan keçmək və qeydiyyata alınmaq lazımdır. Sərgidə Avropa Liqasının tarixini özündə əks etdirən eksponatlar var. 2008-2018-ci illərdə Avropa Liqasında iştirak etmiş futbolçuların imzalı formaları, turnirin final oyunlarında istifadə edilən imzalı oyun topları ziyarətçilərin ixtiyarına verilib.

Muzeydə xarici ölkələrin komandaları ilə yanaşı, Avroliqanın qrup mərhələsində iştirak etmiş Azərbaycan təmsilçiləri - "Neftçi", "Qarabağ" və "Qəbələ"nin də oyun formaları da sərgilənir. Əlavə olaraq, muzeydə "Karvan" klubunun da formasını görmək mümkündür. Hazırda Yevlax təmsilçisi fəaliyyət göstərməsə də, UEFA Kubokunda ilk dəfə mərhələ keçən Azərbaycan klubudur. Diqqət çəkən formalardan biri isə İngiltərə azarkeşlərinin Azərbaycanın tanınmış futbol hakimi Tofiq Bəhramov üçün təqdim etdikləri formadır.

Muzeydə Türkiyənin "Beşiktaş", "Qalatasaray", "Fənərbağça", həmçinin Avropanın bir neçə aparıcı klubunun da bayraqları asılıb. Sərgini ziyarət edənlər, əsasən, azarkeşi olduqları klubların formaları ilə şəkil çəkdirməyə can atırlar. Təbii ki, tanınmış futbolçular daha çox marağa səbəb olur. Nəzərə alaq ki, həmin oyunçular çıxış etdikləri yığma komandaların heyətində dünya çempionu olanlardır. Misal olaraq, almaniyalı Miroslav Klozenin "Latsio", italiyalı Alessandro Del Pyeronun "Yuventus" və Françesko Tottinin "Roma" forması ilə fotolarını göstərmək mümkündür. Muzeydə həmçinin bir neçə monitor quraşdırılıb. Ekranlarda Avroliqanın baxımlı qollarını və bəzi maraqlı məqamlarını izləmək olar. 

Söhbət zamanı azarkeşlər bura rəğbət bəslədikləri klublara görə üz tutduqlarını və muzeyin onlarda xoş təəssürat oyatdığını qeyd ediblər. Onlardan "Beşiktaş" və "Fənərbağça"nın imzalı oyun formalarına xüsusi maraq göstərənlər, "Qalatasaray" bayrağı ilə şəkil çəkdirənlər də az deyil. Ziyarətçilər Avropa Liqası haqqında maraqlı məlumatları da muzeydə görə bilərlər. Burada qtənin ən nüfuzlu ikinci klub turnirində ən çox qol vuran komandalar, oyunçular və s. barədə informasiyalar almaq mümkündür.

Muzeyin direktoru Fəridə Lütfəliyeva 37 eksponatın nümayiş olunduğunu diqqətə çatdırıb: "Ziyarətçilərin sayı gün ərzində mindən çox olur. Muzeydə Avroliqanın finalında iştirak etmək istəyən könüllülər də qeydiyyatdan keçə bilərlər. Hazırda turnir tarixində rekord sayda - 1500-dən çox könüllü qeydiyyatdan keçib". 

F.Lütfəliyeva muzeyin ən çox bayram günləri və qeyri-iş günlərində ziyarət olunduğunu qeyd edib: "Hər kəs azarkeşlik etdiyi komandanın imzalı oyun köynəyi ilə şəkil çəkdirmək istəyir. Burada çalışanlara hər hansı sual ünvanlandıqda onu cavablandırmağa çalışırıq. Muzeydə ölkə futbolunun təbliğinə xidmət edən əyani vəsaitlər də sərgilənir. Azərbaycanın UEFA Kubokunda ilk mərhələ keçən komandası "Karvan"ın da imzalı forması burada yerləşdirilib. Ziyarətçilər Tofiq Bəhramov üçün verilən forma ilə də maraqlanırlar. O forma mənim üçün də mühim rol oynayır. Çünki özüm futbol hakimiyəm. Dünyaca məşhur futbol hakimi Tofiq Bəhramov haqqında deyiləcək söz çoxdur".

Yanvarın 3-də Avropa Liqası muzeyinə Azərbaycan milli komandasının və "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun imza gününə gələnlər də az deyildi. İnsanlar muzeyi ziyarət etməklə yanaşı, 2018-ci ilin ən yaxşı futbolçusundan avtoqraf alır, onunla şəkil çəkdirirdilər. 

Qeyd edək ki, dekabrın 22-dən fəaliyyətə başlayan Avropa Liqası muzeyi yanvarın 7-dək hər gün saat 15:00 - 22:00-da ictimaiyyətə açıq olacaq.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi