Yuxarı

Bakı Olimpiya Stadionu 2015-ci ilin ən yaxşı arenaları səsverməsində 7-ci yeri tutub

İlk 3-lüyə Meksikada tikilən iki stadion düşüb

Bakı. 24 fevral. REPORT.AZ/ 2015-ci ildə dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirmək üçün aparılan səsvermənin yekunları açıqlanıb. "Report"un məlumatına görə, "StadiumDB"nin ardıcıl 6-cı dəfə keçirdiyi sorğuda Bakı Olimpiya Stadionu 15 arena arasında 7-ci yeri tutub.

68195 tamaşaçı tutumuna malik və tikintisi 775 milyon dollara başa gələn arena 28141 səs yığıb. Qalib adını 74097 səslə Meksikanın paytaxtı Mexikodakı "Estadio BBVA Bancomer" qazanıb. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib. Fransanın Bordo şəhərindəki "Matmut Athlantique" 43,394 səs yığıb. 42115 tamaşaçı tutumu olan arenanın inşasına 199,6 milyon dollar xərclənib. 3-cü yeri də Meksikadakı daha bir stadion tutub. Bu, Puebla şəhərindəki "Estadio Cuauhtemoc"dur. 41420 səs yığan arenanın tutumu 51726 nəfər, xərcləri 39,7 milyon dollar təşkil edir.

Bakı Olimpiya Stadionunu 37095 səslə İsrailin Beer Şeva şəhərindəki "Toto Jacob Turner Stadium" (16126 tamaşaçı, 63,1 milyon dollar), 34325 səslə ABŞ-ın Texas ştatındakı "Kyle Field" stadionu (102733 tamaşaçı, 485 milyon dollar) və 29210 səslə Polşanın Tıxı şəhərindəki "Stadion Miejski Tychy" (15150 tamaşaçı, 31,9 milyon dollar) keçib.

Qeyd edək ki, yanvarın 18-dən fevralın 19-dək davam etmiş səsverməyə 37677 nəfər qatılıb. Onlar ən yaxşı saydıqları 5 stadiona 5, 4, 3, 2, 1 xal veriblər. Daha çox səs Meksika, ABŞ, İsrail, Polşa və Fransadan ünvanlanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi