Yuxarı

"Bakı" klubu futbolçularla yaşanan qalmaqala aydınlıq gətirib

Nurlan Novruzov Bakının ona çəkdiyi xərcin heç olmasa 25%-ni ödəsin və getsin

Bakı. 10 yanvar. REPORT.AZ/ "Nurlan Novruzov da, Rəhman Hacıyev də müqavilə ilə "Bakı" klubuna məxsusdur. Və klubun da bu iki futbolçuya heç bir maliyyə borcu yoxdur. Sadəcə futbolçular cavandırlar, görürsən ki, böyük pullar qarşılığında eyforiyaya qapılırlar". Bunu "Report"a açıqlamasında "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında ilk dövrəsinin bombardiri Nurlan Novruzov "Bakı" klubunun düşərgəsinə qoşulmayıb. Eyni zamanda Türkiyənin "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilən Rəhman Hacıyev də məşqlərdə iştirak etməyib. Hər iki futbolçu səbəb kimi klubun maddi vəziyyətinin pis olmasını göstərib, bir neçə aydır əmək haqlarının verilmədiyini açıqlayıblar. 

"Bakı" klubunun icraçı direktoru çətinliklərin olduğunu gizlətməyərək Nurlan Novruzov və Rəhman Hacıyevin açıqlamalarının klubun imicinə ciddi zərbə vurduğunu bildirib: "Mən dəfələrlə qeyd etmişəm ki, "Bakı"nın bu gün hər hansı bir futbolçuya 2000 manat ödəməyə gücü çatırsa, başqa komandalar həmin futbolçuya 15 min manat ödəmək iqtidarındadır. Ancaq onların bu pul qarşılığında getmələri və mətbuatda müxtəlif informasiyalar səsləndirmələri "Bakı"nın imicinə mənfi təsir göstərir. Mən ömrümü Azərbaycan futboluna həsr etmiş bir adam kimi deyirəm ki, çətinliklərimiz göz önündədir, bunları gizlətmirəm. Ödənişlərlə, legionerlərlə bağlı müəyyən çətinliklər var, amma yetişdirdiyimiz futbolçularla bağlı çətinliyimiz yoxdur. Bu gün akademiyanın yetişdirdiyi futbolçu demək olar 500 manat maaş alır. Onlar da bu vəziyyətdən razıdır. Çünki onlar da "Bakı"ya xidmət edir. Ancaq Nurlan və Rəhmanın bu gün məşqlərə qatılmaması başadüşülən deyil".

Y.Seyidov Nurlan Novruzovun klubdan transfer vərəqəsini necə ala biləcəyinin yolunu da göstərib: "Futbolçu klubu tərəfindən ona çəkilən xərcin 25%-ni ödədikdən sonra transfer vərəqisini götürə bilər. Yalnız bundan sonra adıçəkilən futbolçu azad agent kimi istədiyi komandanın heyətinə qoşula bilər. Nurlan Novruzov "Bakı"nın ona çəkdiyi xərcin heç olmasa 25%-ni ödəsin və getsin. Nurlan gəlsin, sənədlərinə baxsın, ona çəkilən xərclərin hamısı açıq şəkildə sənədlərdə göstərilib. Bunu ictimaiyyət üçün açıqlamaq düzgün deyil. Mən hər iki futbolçuya nə təklif etdim? Rəhman Hacıyevin meneceri də gəlmişdi. Gəlib üzrxahlıq etdi ki, baş verənlər düzgün deyil və "Bakı"nın haqlı olduğunu düşünürük. Mən dedim ki, biz sizinlə bir məsələdə razılığa gələ bilərik. Əslinə baxanda başqa cür olmalıydı. Futbolçular çıxıb deməli idi ki, doğrudan da bizi yetişdirən "Bakı" klubunda maliyyə çətinliyi var. Gənclərin yetişməsi, qidalanması, çempionatda oynaması və məşq etməsi üçün maddiyat lazımdır. Onlar deməli idi ki, biz may ayına qədər "Bakı"da oynayaq, ancaq yayda klub bizə azad agent statusu versin. Ən düzgün yol bu olardı. Hansı ki, 6 ildir "Bakı" onların əziyyətini çəkirdi. Amma hər ay klubdan 2000-2500 manat pul alırdılar. Mən jurnalistlərin iştirakı ilə həmin futbolçularla görüşməyə, "Bakı" klubunun haqlı olduğunu onların nəzərinə çatdırmağa hazıram. Bunlar Azərbaycan futbolu üçün heç nə etməyiblər, sadəcə, klub səviyyəsində nəsə ediblər. Təsəvvür edin, bunlar Azərbaycan futbolu üçün Avropa, dünya turnirlərinin qrup səviyyəsinə düşsəydilər, "Bakı"nın başına hansı oyunu açardılar. Təəssüf edirəm ki, futbolumuzun, futbolçularımızın problemi onların savadsızlığındadır. Onların keçmişinə bu cür hörmətsizliyi savadsızlıqlarından irəli gəlir. Heç olmasa, dünya səviyyəli futbolçulara baxsınlar. Onlar komandalarını çətin anda belə atmırdılar".

Klub rəsmisi haqlı tərəfin müəyyən olunmasını və bu işdə jurnalistlərdən kömək gözlədiyini söyləyib: "Məsələnin araşdırılmasını istəyirik. Futbolçuların haqlı çıxacağı təqdirdə üzr istəməyə hazıram. Hər dəfə demişəm ki, mətbuatdan da dəstək gözləyirəm. Mətbuat gəlsin, baxsın və vəziyyəti düzgün qiymətləndirsin. Haqsız tərəf olsam, üzr istəməyə hazıram. Ancaq qəti olaraq demişəm ki, Nurlan Novruzov mətbuatda "Bakı"dan üzr istəməlidir. Əks təqdirdə Nurlan "Bakı"da, ümumiyyətlə, məşq edə bilməz. O, klubun imicinə düzgün olmayan şəkildə zərbə vurur. Mən açıq şəkildə deyirəm ki, Nurlan Novruzov məşqlərə başlamaq üçün "Bakı" klubundan rəsmi şəkildə üzr istəməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi