Bakı "İnter"inin qapıçısı: "Maaşım verilmədiyindən, toyumu məhərrəmlikdən sonraya saxladım"

Bakı "İnter"inin qapıçısı: "Maaşım verilmədiyindən, toyumu məhərrəmlikdən sonraya saxladım" "Artıq yeznəmə demişəm ki, mənə iş axtar"
Futbol
13 Oktyabr , 2017 19:40
Bakı İnterinin qapıçısı: Maaşım verilmədiyindən, toyumu məhərrəmlikdən sonraya saxladım

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakının "İnter" komandasınin qapıçısı Orxan Sadıqlı "Qarabağ"a evdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra brifinq keçirib. Sadıqlı "Report"un da suallarını cavablandırıb...

- Son dəqiqələrdə buraxdığınız qollarla məğlub oldunuz...

- Artıq bezmişik. İkinci qoldan sonra istəyirəm ki, ümumiyyətlə, futbol oynamayım. Belə şey olar? Güc çatmır, budur! 80 dəqiqə oynaya bildik. 12 futbolçumuz var, nə edək? Qışa kimi dözmək lazımdır. Çox şeylər var. Amma komanda daxilində qalsa, yaxşıdır. Əlimizdən gələni etdik. Güc də tükənib, hər şey də qurtarıb.

- Gücünüzün tükənməyinə səbəb hər şeyin qurtarmasıdır?

- Bilirsiniz necədir? Futbol ilk işimdir. Başqa işim olsa, futboldan qazanc fikirləşmərəm, başqa işlə dolanaram. Hər kəsin ailəsi var. Futbolda qazandığını evə aparırsan. Qazanc olmayanda isə stress, fikirlər başlayır. Bu da hər şeyə təsir edir. Nə qədər istəsək ki, heç nə fikirləşməyək, alınmır. 80 dəqiqə gücümüz çatdı. Sonra isə rəqib 2 qol vurdu. "Qarabağ"ı təbrik edirəm.

- Bəlkə, oyuna çıxmamaqla etiraz edəsiniz?

- Xeyr, bu, çarə deyil. İlk növbədə, mənim özümə ziyandır. Oyuna çıxmasam, nə olacaq? Birincisi, bunu etmək siyasi baxımdan Azərbaycan futboluna zərbədir. İkincisi, gərək, problem daxildə həll olunsun. Oyuna çıxmamaq olmaz. Onsuz da dekabradək oynayacağıq. Sadəcə, hər şey oyuna təsir edir.

- Belə çıxmırmı ki, rəhbərlik futbolçuları aldadır?

- 2 ay maaşımız qalıb. Bir söz deyim, güləcəksiniz. İnanın ki, maaşı ala bilmədiyimizə görə toyumu məhərrəmlikdən sonraya saxladım. Belə şeylər istər-istəməz hamıya təsir edir. Elə futbolçu var ki, 3 ailəyə baxır. "Xəzər Lənkəran"da üzləşdiyimiz vəziyyətdən sonra bura gəldik ki, 3-5 manat qazanaq. Bu da ki, belə... Artıq yeznəmə demişəm ki, mənə iş axtar (gülür). Hamımızın klubla müqaviləmiz var. Sadəcə, maaşlarımız verilməsə, klub rəhbərliyi ilə danışıb qarşılıqlı razılıq əsasında yollarımızı ayıracağıq. Hələ ki, hamı "İnter" üçün oynayır. Qış fasiləsindən sonra kimin gedib-getməyəcəyi bilinəcək.

- Qışda nə dəyişə bilər?

- Nə vaxtsa dəyişməlidir də... Belə vəziyyətdə kim oynayar ki?

- “Xəzər Lənkəran”da olduğun vaxtda da belə vəziyyət idi, indi də. Düşünmürsən ki, “İnter”i də eyni aqibət gözləyir?

- Eyni şey yaşanır. Ümidvarıq ki, “İnter” dağılmaz. “İnter” də dağılsa, daha nə oldu? Hara gedir bu? Yenə də öz işimizi görməliyik. Belə məsələlərə rəhbərlik baxır.

- Bu cür vəziyyətdə sənə nə motivasiya verə bilər?

- Maaşı vaxtlı-vaxtında almaq. Oyunumuza mükafat qoyulması. Subay deyilik, hamımız ailə başçıları və kasıb uşaqlarıq. Heç kimin valideyni cibinə gündə 500 manat qoymur ki, get, xərclə. Görək də. Klubumuzun rəhbəri Zaur Axundov ölkədə yoxdur. Qoy, gəlsin. Yəqin ki, pullarımız verilər. 

Son xəbərlər

Orphus sistemi