Yuxarı
    Bağlamaq

    "Bakcell" şirkəti "Futbol jurnalistikasına dəstək" layihəsinə yekun vurub

    Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist Mançesterə səyahət paketi ilə mükafatlandırılıb

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə yekun vurub.

    Şirkətdən “Report”a verilən məlumata görə, iki ay davam edən layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist-aparıcı Kənan Hakimov isə Böyük Britaniyanın Mançester şəhərinə bir həftəlik səyahət paketi ilə mükafatlandırılıb.

    Məlumatda bildirilib ki, layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaq idi. Xüsusi təlim proqramı sayəsində iştirakçılar futbol xəbərlərinin auditoriyaya daha yaxşı şəkildə çatdırılması üçün müasir medianın üstünlükləri barəsində məlumatlandırılıb və praktik məşğələlər vasitəsilə yeni biliklər əldə ediblər.

    Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni media üzrə ixtisaslaşmış britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən keçirilib.

    Qeyd edək ki, 15-dən çox futbol reportyorunun qatıldığı təlimlərdə iştirakçılara “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi digər önəmli mövzular haqqında danışılıb. Birinci təlim sessiyasının sonunda milli yığmanın baş məşqçisi Robert Prosineçki, millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşərək təlimə xüsusi maraq qatıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi