Yuxarı

Baçana Tsxadadze: “Qarabağ”ın nailiyyəti Qafqaz komandaları üçün nümunə olacaq” - MÜSAHİBƏ

İnterin adının Keşlə ilə dəyişdirilməsi mənə incik gəlir

Antalya. 5 fevral. REPORT.AZ/ “Keşlə”nin sabiq gürcüstanlı futbolçusu Baçana Tsxadadzenin “Report”a müsahibəsi

- "İnter"dən (“Keşlə”nin əvvəlki adı – red.) ayrıldıqdan sonra hansı komandalarda çıxış etdiniz?

- 2014-cü ilin mayında ayrıldığım vaxt "İnter"in işləri elə də yaxşı getmirdi. Amma düzü, hətta karyeramın sonunadək qalmaq istərdim. Çünki özümü evimdəki kimi hiss edirdim. Həm şəxsi, həm də futbol anlamında mənim üçün hər şey çox yaxşı idi. Relsə düşmüşdüm, qollar vururdum. İlk dəfə Gürcüstan yığmasına "İnter"dən dəvət almışdım. Amma elə alındı ki, gedəsi oldum. Bundan sonra Albaniyaya yollandım. "Flamurtari" klubunda 6 ay qaldım. Yenə maliyyə problemi üzündən komandanı tərk etdim. Ardından Tbilisi "Lokomotiv"inə keçdim. Düşünürdüm ki, evimə qayıdaraq, bir müddət oynayım, sonra da yenidən xaricə üz tutum. Lakin çox ağır zədə aldım. Nəticədə itirahət etməli oldum. Təqribən 1 il ümumiyyətlə oynamadım. Çünki meydana çıxmaq çox çətin idi. Artıq hər şey normaldır. "Çixura" ilə Gürcüstan Kubokunu qazanmışıq. Qarşıdan yeni mövsüm gəlir. Çempionata "Rustavi"nin heyətində hazırlaşıram. Yeni komanda yığılıb. Gürcüstan səviyyəsində çox tanınmış futbolçularımız var. Nukri Revişvili, Davit Kvirkveliya, Otar Martsvaladze və s. Hamısı çox təcrübəlidirlər. Fikrimcə, yaxşı komandamız olacaq. Baxaq-görək, necə alınar. Baş məşqçimiz Vladimir Qazzayevdir. Hədəflərimiz yüksəkdir. Bizdən çempionluq tələb edirlər. Çətin olacaq. Amma ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Azərbaycandan təklif almışdınız?

- Yalnız söz-söhbətlər var idi. Amma açığı, heç bir konkretlik olmamışdı. Normal təklif olsa, Azərbaycana məmnuniyyətlə qayıdardım.

- Bəs, atanız nə işlə məşğuldur?

- Heç yerdə işləmir. O, Rusiya "Amkar"ı ilə birgə təlim-məşq toplanışında idi. Bu komandanın baş məşqçisi Hacı Hacıyev atamın dostudur. Sadəcə, "Amkar"ın toplanışına baş çəkdi. Hazırda təkliflər gözləyir. Görək, necə olar...

- Bir neçə gün əvvəl Azərbaycan mətbuatı Kaxaber Tsxadadzenin "Qəbələ"nin baş məşqçi postunda Roman Qriqorçuku əvəzləyəcəyini yazmışdı. Bu barədə atanızdan soruşdunuz?

- Mən də oxumuşdum (gülür - red). Atamdan soruşdum. Amma biz də oxuduqlarımızı bilirik. Hələlik Qriqorçuk "Qəbələ"nin baş məşqçisidir. Baş məşqçisinin olduğu komanda barədə danışmaq, fikrimcə, düzgün deyil. Baxarıq, görək, necə alınar...

- “İnter”də atanızın rəhbərliyi altında oynamısınız. Futbolçu karyeranızı bitirdikdən sonra da məşqçi kimi birgə çalışmaq planınız var?

- Açığı, bu, mənim üçün ən asan yoldur. Amma məşqçi kimi çalışmaq üçün xüsusi keyfiyyətlərin və yaxşı əsəb sistemin olmalıdır. Bu baxımdan, mənim istiqamətim bir qədər fərqlidir. Zədə üzündən bir ilədək evdə oturub dincəldiyim vaxt idman menecmenti üzrə təhsil almışam. İspaniyanın Barselona şəhərindəki Yohan Kroyf adına institutu başa vuraraq, diploma yiyələnmişəm. Gələcəkdə bu istiqamətdə hərəkət edəcəyəm. Karyeramı bitirdikdən sonra bu istiqamətdə çalışacağam. Məni məşqçi işindən daha çox futbol funksioneri olmaq maraqlandırır. Məşqçi işi çox ağırdır, zarafat deyil. Bunu atamın və mənimlə birgə çıxış edib sonradan məşqçi olanların fəaliyyətindən bilirəm. Çox ağır işdir.

- Atanız kimi xeyli qışqırırmaq lazım gəlir...

- Təkcə qışqırmaq yox. Ümumilikdə asan iş deyil. Prinsipcə, həyatda heç nə asan deyil. Məşqçisənsə, həm də pedaqoq olmalısan. Həm dərs keçməli, həm də xüsusi keyfiyyətlərə malik olmalısan.

- "İnter"in sizə borcu qalıb?

- Elə bir vəziyyət alındı ki, bir ara yazmışdılar ki, guya "İnter"dən borcumu istəmişəm. Lakin aldığım məbləğ klubun mənə borcundan 3 dəfə az olub. Bu da bir qanunauyğunluqdur. Çünki "İnter" mənim üçün çox şey edib. Mən də bu komanda üçün az iş görməmişəm. Nə bacarırdımsa, etmişəm. "İnter"ə hər şeyə görə minnətdaram. Maliyyə baxımdan güzəşt etməli idim. Nə qədər bacarırdımsa, o qədər güzəşt etdim. "İnter"də mənə borclu olduqlarından 3 dəfə çox pul saxladım.

- Bəs "İnter"in adının "Keşlə"yə dəyişdirilməsini necə qarşıladınız?

- Bu, mənim kompetensiyamda deyil. Amma əlbəttə, incik gəlir. Ona görə ki, vaxtilə oynadığın komanda artıq o adla mövcud deyil. Lakin bu, onların işidir. "Keşlə"yə və ya başqa hansısa adı olacaqsa, uğurlar arzulayıram. Bu, çox uzun müddət oynadığım klubdur.

- Azərbaycan futbolunu izləyirsiniz?

- Bəli. Ona görə ki, mənimlə birgə çıxış etmiş azərbaycanlı və legioner futbolçuların bir çoxu hələ də karyeralarını davam etdirirlər. Həmkarlarımın hazırda nə işlə məşğul olduqları mənə hər zaman maraqlıdır. Yəni, imkan düşdükcə, izləyirəm.

- Azərbaycanda hansı yaxın dostlarınız qalıb?

- Heç kimi ayırmaq istəməzdim. Mənimlə birgə çıxış etmiş bütün azərbaycanlılarla çox yaxşı münasibətlərim var. O vaxt da belə idi, indi də harada qarşılaşırıqsa, yaxşı görüşürük. Təkcə, keçmiş komanda yoldaşlarımla deyil, rəqib futbolçularla da. Onları da görmək çox xoşdur. Bir neçə gün əvvəl Rəşad Sadıqovu gördüm. Çox xoş oldu. Ona məşqçilik işində uğurlar arzulayıram. Əla futbolçudur və yaxşı da məşqçi olacağına ümidvaram.

- "Qarabağ"ın uğurlarından xəbərdarsınız?

- Bizim vaxtımızda da "Qarabağ" güclənməyə başlamışdı. Hamımız fikirləşirdik ki, bu gün-sabah "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanacaq. Bu, baş verdi də... Onlara afərin! Bu, fikrimcə, Qafqaz komandaları, o cümlədən, Gürcüstan və uzun illərdir çalışan ölkələr üçün nümunə olacaq. "Qarabağ" uzun illər çalışaraq, qarşısına qoyduğu məqsədə çatdı. Çox böyük uğurdur. İnsanlar bunun üçün çox iş görüblər. Həmişə demişəm ki, futbolda uğur qazanmaq üçün sərmayə qoymaq lazımdır. Təkcə maliyyə yox, hər cəhətdən. Durduğun yerdə heç nə alınmır.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi