Yuxarı

Azərbaycanlı hakim: "İngiltərədə Tofiq Bəhramovla bağlı hadisəni xatırlayırdılar" - MÜSAHİBƏ

Azərbaycanlı hakim: "İngiltərədə Tofiq Bəhramovla bağlı hadisəni xatırlayırdılar" - MÜSAHİBƏ
Avropa çempionatında zəif iştirak etsəydim, qrup mərhələsindən sonra evə qayıdardım

Bakı. 24 may. REPORT.AZ/ İngiltərədə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilmiş Avropa çempionatının azərbaycanlı yan xətt  hakimi Rza Məmmədovun "Report"a müsahibəsi

- Avropa çempionatındakı işinizi necə dəyərləndirirsiniz?

- Avropa çempionatında bir az həyəcan var idi. Bu da başadüşüləndir. İlk dəfə idi Avropa çempionatının final mərhələsinə təyinat alırdım. Ardıcıl olaraq, mayın 4-də Portuqaliya - Norveç, mayın 5-də Serbiya - İspaniya görüşlərində iş başında oldum. Yeganə hakim oldum ki, 2 gün ardıcıl təyinat aldım. Ən çox birinci matçımda həyəcanlandım. Lakin bu oyunun final fitindən sonra həyəcan sona çatdı. Ondan sonrakı qarşılaşmalarım, demək olar ki, əla keçdi. Mayın 8-də Serbiya - Almaniya görüşündə laynsman funksiyasını yerinə yetirdim. Ən yaxşısı isə sonuncu matçım oldu. Qrup oyunlarından sonra 1/4 final mərhələsində Belçika - İspaniya matçına təyinat aldım. Həmin qarşılaşma istədiyimdən də yaxşı alındı. Təəssüf ki, yarımfinal oyunlarına qala bilmədim.

- Niyə?

- Səbəbini demədilər. Bu, açıqlanmır. Düşünürəm ki, çıxışım çox yaxşı alındı. Mən Avropa çempionatında tək özümü yox, Azərbaycanı təmsil edirdim. Başda Xaqani Məmmədov olmaqla, AFFA-ya da təşəkkürümü bildirmək istərdim. Mənə bəslənilən ümidləri doğrultmağa çalışdım. Zənnimcə, bunu bacardım.

- Hakim-inspektorlar çıxışınızı necə deyərləndirirdilər?

- Hakimlərin Avropa çempionatındakı yekun qiymətləri hələ ki, açıqlanmayıb. Baş hakimlərlə əlaqə saxlamışam. Qiymətlər onlara təqdim olunan kimi mənə də göndərəcəklər. Çempionat 4 gündür başa çatıb. Çox güman ki, nəticələrim bu həftə ərzində gələcək. İlk oyunumdakı hakim-inspektor ingiltərəli idi. Çox razı qaldı. Həmin şəxs üçüncü oyunumda da hakim-inspektor idi. Yenə məndən razı qaldığını söylədi. Düşünürəm ki, orada çox yaxşı təsir bağışladım. Əlimdən gələni etdim ki, bundan sonra kimsə ora getsə və mənim haqqımda soruşsa, heç kim mənfi fikir bildirməsin. Orada hər şeyə diqqətlə yanaşırdılar. Məşqlərdə iştiraka və dərslərdəki fəallığa da önəm verirdilər. Yaxşı təsir bağışladığıma görə məni qrup mərhələsindən sonra evə göndərmədilər. Orada qaldım və 1/4 final oyununa təyinat aldım. Ondan sonra isə 4 yan xətt hakimini saxladılar. Özümü yarımfinal oyunlarına təyinat alan hakimlərdən zəif hesab etmirəm. Yarımfinalda iştirak edənlər də ora layiq idilər. Mən də qalsaydım, layiq olardım.

- Avropa çempionatında ən çətin oyununuz hansı oldu?

- Üzərimə ən çox yük düşən oyun 1/4 finalda Belçika - İspaniya qarşılaşması idi. Həmin oyunda çox epizodlarım oldu. Epizodları tutmaq istəyirdim ki, yaxşı mənada onların gözünə girim. Avropa çempionatında bütün oyunlar mənim üçün maraqlı alındı. Axırıncı oyunum isə ən yaxşısı oldu. Həmin görüşdə hakim-inspektor xorvatiyalı idi. O da mənim çıxışımı yüksək qiymətləndirdi. Avropa çempionatında zəif iştirak etsəydim, qrup mərhələsindən sonra evə qayıdardım. Onlar məni orada saxlamazdılar. Qrupdan sonra göndərilmək başqa, 1/4 final mərhələsinə təyinat almaq isə tam başqa hissdir.

- Avropa çempionatında yan xətt hakimi kimi təmsil olundunuz. Sizcə, niyə həmin yarışa azərbaycanlı baş hakim təyinat almadı?

- Əliyar Ağayev iki il öncə 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final oyununu idarə etmişdi. Bu təyinatları UEFA müəyyənləşdirir. Bu dəfə belə məsləhət görüblər ki, Azərbaycanı mən təmsil edim. Ola bilsin ki, bundan sonra digər hakimlərimiz təyinat alsın. Rəhim Həsənov, Ömər Paşayev və Əliyar Ağayevə təyinatlar gələ bilər. Avropa çempionatında 8 baş hakim, 12 yan xətt hakimi və 4 köməkçi-hakim var idi. Onlar müxtəlif ölkələri təmsil edirdilər. Eyni ölkədən olan baş və yan xətt hakimi yox idi.

- Sizin daha nüfuzlu yarışlara təyinat alacağınız gözlənilirmi?

- Hər kəs öz işini görəndə bundan da artıq uğur əldə etmək istəyir. Mən də daha nüfuzlu turnirlərdən təyinatlar gözləyirəm. Əliyar Ağayevlə birlikdə Avropa Liqasının 6 qrup oyununu idarə etmişik. Bizim həmin oyunlarımız da yüksək qiymətləndirilib. Əvvəlki yarışlardakı çıxışlarımıza baxıb, növbəti görüşlərə dəvət edirlər. Avropa çempionatında isə öz ölkəsinin ən yaxşıları iştirak edirdi.

- Tofiq Bəhramov 1966-cı il dünya çempionatının finalında topun qapı xəttini keçdiyini qərara almışdı. İştirak etdiyiniz Avropa çempionatı da İngiltərədə keçirilirdi. Orada elə bir hal yaşandımı ki, sizin istəyinizdən sonra baş hakim qolu qeydə alsın?

- Düzü, belə bir şey olmadı. Amma həqiqətən də İngiltərədə Tofiq Bəhramovu çox yaxşı tanıyırlar. O, həmin qolu qeydə almaqla İngiltərəni dünya çempionu edib. İngilislər mən orada olanda da həmin hadisəni xatırlayırdılar. Mənə deyirdilər ki, sizin hakiminiz Tofiq Bəhramov düzgün qərar verməklə bizi dünya çempionu edib. 

- Azərbaycan Kubokunun final oyunu ilə bağlı sizə müraciət olunubmu?

- Xeyr. Hələ ki, oyunun təyinatları açıqlanmayıb. Çempionatı yüksək səviyyədə başa vurmuşuq. Həmin təyinatı bütün hakimlər gözləyir. Bu, 2017-2018 mövsümünün son oyunudur. Ona görə də finala hamı təyinat almaq istərdi. Hansı hakimlər bu oyunda olacaqsa, onlara uğurlar arzulayıram. Yəqin ki, təyinatlar 2-3 günə açıqlanar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi