Belfast. 10 noyabr. REPORT.AZ/ "Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".
"Report"un Şimali İrlandiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".
S.Devisin fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər: "Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.