Yuxarı

Azərbaycanın səfiri "Atletiko"nun prezidentinə "Qarabağ"ın formasını hədiyyə edib

Azərbaycanın səfiri "Atletiko"nun prezidentinə "Qarabağ"ın formasını hədiyyə edib
Enrike Serezo: Qarabağın oyunlarını izləyirəm
© Azərbaycanın İspaniyadakı səfirliyi

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Madriddə “Atletiko” klubunun prezidenti Enrike Serezo ilə görüşüb.

Azərbaycanın İspaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş “Qarabağ” və İspaniyanın “Atletiko” futbol klubları arasında keçiriləcək oyun öncəsi məlumatlandırma xarakteri daşıyıb.

E.Serezo “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə səfiri təbrik edib, Ağdam komandasına gələcək qarşılaşmalarda uğurlar arzulayıb.

“Qarabağ”ın tarixi və uğurları barədə məlumat verən diplomat klubun yarandığı gündən etibarən ölkə çempionatlarında aktiv iştirak edərək azarkeşlərini daim sevindirdiyini deyib: “Əfsuslar olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində klubun vətəni olan Ağdam şəhəri 1993-cü ildə düşmən nəzarətinə keçib. Bu səbəbdən, “Qarabağ” klubu ev oyunlarını Bakı şəhərində keçirmək məcburiyyətindədir".

Azərbaycanlı diplomat Prezident İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana göstərilən diqqət və qayğıdan da bəhs edib. O deyib ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın ikinci, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutması təsadüfi deyil. Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını məhz bu oyunların açılış və bağlanış mərasimlərinin təşkil olunduğu Bakı Olimpiya Stadionunda keçirəcək.

“Atletiko"nun prezidenti isə “Qarabağ”ın oyunlarını izlədiyini deyərək komandanın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ciddi uğur adlandırıb. Azərbaycanda futbolun yüksək sürətlə inkişaf etdiyini bildirən E.Serezo bundan məmnunluğunu vurğulayıb. Bakıda bir neçə dəfə olduğunu qeyd edən klub prezidenti qarşıdakı oyunla əlaqədar bu gözəl şəhərə bir daha səfər edəcəyindən məmnunluq ifadə edib.

Görüşdə E.Serezo A.Məhərrəmova klubun yeni stadionu “Metropolitano” barədə məlumat verərək səfiri “Atletiko"nun oyunlarına baxmağa dəvət edib.

Sonda səfir xatirə hədiyyəsi olaraq “Qarabağ” klubunun Enrike Serezo üçün xüsusi tərtib etdiyi formanı klub prezidentinə təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi