Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu...

Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu... "Report"un əməkdaşı "Arsenal" - "Qarabağ" oyunundan yazır
Futbol
14 Dekabr , 2018 16:34
Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və Arsenalın möhtəşəm stadionu...

London. 14 dekabr. REPORT.AZ / “Qarabağ” Azərbaycan komandasıdır? Heç bilmirdim düzünü desəm”.

Azərbaycan futbolu haqqında soruşduğum suala belə cavab verir Mayk. O, “Qarabağ”ın Azərbaycan komandası olduğunu ilk dəfə məndən eşidir, təəccüblənir. Azərbaycan haqqında isə məlumatının olmadığını deyir.

Avropa Liqasında qrup mərhələsinin son oyunu olan “Arsenal" - "Qarabağ” qarşılaşması üçün Londonun ən nəhəng stadionlarından biri olan “Emirates”in önündəyəm. Üzərində “Arsenal”ın forması olan ingilislərə Azərbaycan futbolu haqqında nə qədər məlumatlı olub olmadıqlarını öyrənmək üçün yaxınlaşıram. Aldığım cavablar isə eyni olur: “Belə bir məlumat yoxdur. Onu bilirəm ki, Azərbaycan “Eurovision"da qalib olmuşdu.

Qabriela isə Azərbaycan haqqında digərlərinə nisbətən daha çox məlumatlıdır: “Sovetlərin dağılmağından sonra Azərbaycana getmişdim. Gözəl ölkədir. Ancaq Azərbaycan futbolu haqqında çox məlumatım yoxdur”.

Elə onunla söhbətimizdən sonra 5-6 gəncin əlində Azərbaycan bayrağı görürəm. London universitetlerindən birində, I kurs tələbəsi olan Kamil Qurbanzadə dostları ilə birgə Azərbaycanı dəstəkləməyə gəldiyini deyir. Abdulla isə “Arsenal” azarkeşi olsa da, Azərbaycan komandasını dəstəkləyəcəyini deyir. Danışdığım Londonda yaşayan digər azərbaycanlılar da “Arsenal”ın çox güclü komanda olduğunu və qələbə çalacağına əmin olduqlarını vurğulayırlar. Bununla yanaşı, “Qarabağ”ı yad ölkədə tək buraxmaq istəmədiklərini bildirirlər. Elə oyun müddətində də stadionda “Qarabağ bizimdir, bizim olacaq” sədaları yüksəlir.

Mən isə indi sizə bu möhtəşəm 60 minlik stadionun necə qorunmasından, jurnalistlərə olan münasibətdən danışmaq istəyirəm. Əvvəla, onu deyim ki, stadionun bütün girişlərində çoxsaylı nəzarətçi, polis var. Onlar içəri girməmişdən öncə bəzi şəxslərdən öz gödəkcələrinin qabağını açmağı tələb edirlər. Daha sonra stadionun daxilinə girişdə isə azarkeşlər bir daha yoxlanılır.

Jurnalistlər üçün nəzərdə tutlan media mərkəzinə girişdə isə bizi əvvəla “Fred” yoxlayır. Üzərində adının yazıldığı gödəkçə geyindirilmiş it, jurnalistlərin kamera və bahalı linzalarını daşıdığı balaca çamadanları iyləyir. Daha sonra nəzarətçilər çantaların içini açdırır, yoxlayır və beləliklə, jurnalistlər içəri keçirlər. Mən də öz növbəmdə “Arsenal”ın fotoqraflar üçün nəzərdə tutulmuş otağına daxil oluram. Müxbirlər isə ümumi media mərkəzinə keçirlər.

İçəri girər-girməz, isti yeməklərin qoxusu insanı özünə çəkir. Məndən öncə gələn jurnalistər isə artıq yeməyə çoxdan başlayıblar. Menyuda müxtəlif tərəvəzlər, lazanya, qarğıdalı, kartof, balıq, sarımsaqlı çörək, isti çay, kofe var.

Bir saat sonra oyun başlayır və hərkəs öz yerini alır. Elə çox keçməmiş - 17-ci dəqiqədə Aleksandr Lyakazet qol vuraraq "Arsenal"ı 1:0 qabağa keçirir. Oyunun sonuna qədər isə qorxduğum başımıza gəlmir və hesab elə beləcə də qalır.

Əvəzində uzatma dəqiqələrində ermənilər yenə öz təxribatlarına əl atır və azarkeşlərdən biri əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, meydana qaçır qaçır. Azərbaycanlı oyunçular və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırırlar.

Bax belə, oyun bitir, hər kəs sakitcə evinə qayıdır. Mən də elə. Amma bu sakitliyim "Qarabağ"ın məyusluğuna görədir. Hərçənd, təsəllim də var. Maykın dediyi kimi, əsas odur ki, "Qarabağ" “Arsenal” kimi güclü bir komanda ilə oynamaq mərtəbəsinə gəlib çatıb.

Aytən ABBASLI

Son xəbərlər

Orphus sistemi