Yuxarı

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib - YENİLƏNİB

Azərbaycanın avrokuboka ilk vəsiqəsinin sahibi məlum olur

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib.

“Report” xəbər verir ki, bu, “Qəbələ” komandasıdır. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turunda “Qarabağ”ı 1:0 hesabı ilə üstələməklə xalını 60-a çatdırıb və çempionluğu erkən təmin edib.

Əyalət təmsilçisi bununla da UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “Qəbələ”nin ən yaxın izləyicisi “Keşlə” evdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etməklə xalını 42-ə çatdırıb. Mövsümün başa çatmasına 6 tur qalmış paytaxt klubu ilə əyalət təmsilçisi arasında xal fərqi 18 olsa da, bakılılar şəxsi oyunlarda rəqibindən aşkar geri qalır (0:2, 0:3, 0:5).


11:40***

Bu gün Azərbaycandan avrokuboka vəsiqə qazanan ilk komandanın adı müəyyənləşə bilər.

“Report” xəbər verir ki, bunun üçün Qəbələnin eyni adlı təmsilçisi AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempionluğu erkən təmin etməlidir. Hazırda 57 xalla vahid lider olan “qırmızı-qaralar” XXII turun oyununda “Qarabağ”ı qəbul edəcək. Famil Xəlilovun baş məşqçi olduğu kollekiv saat 14:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında start götürəcək matçda qalib gələcəyi təqdirdə, çempion titulunu qoruyacaq və yenidən UEFA Gənclər Liqasına vəsiqə qazanacaq.

“Qəbələ” heç-heçə edəcəyi, hətta məğlub olacağı təqdirdə də qızıl medallara sahib çıxa bilər. Bunun üçün "qırmızı-qaralar"ın 39 xala malik ən yaxın izləyicisi “Keşlə”nin öz meydanında “Sumqayıt”la oyunda xal itirməsi lazımdır. Həm “qırmızı-qaralar”, həm də bakılılar uduzsa və ya hər iki kollektiv heç-heçə etsə, mövsümün başa çatmasına 6 tur qalmış əyalət klubu paytaxt təmsilçisi ilə aradakı 18 xallıq fərqi qorumuş olacaq. “Qəbələ” ilk 3 dövrədə rəqibini səfərdə 2 və 3, evdə isə 5 cavabsız qolla məğlub etdiyindən, şəxsi görüşlərdə aşkar üstünlüyə malikdir. Bu isə erkən çempionluq üçün yol açır.

“Keşlə” məğlub olsa, “Qəbələ” bərabərə qalmaqla da ən yaxın izləyicisi üçün əlçatmaz olacaq.

“Qəbələ” çempion olsa, ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, avrokuboklara Premyer Liqa, Azərbaycan Kuboku və Region Liqası vasitəsilə də vəsiqə qazanmaq mümkündür. Amma hələlik hər 3 yarışda bu vəsiqələrin sahibləri müəyyənləşməyib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi