Azərbaycanda yalnız bu komanda həftəsonu məşq edə biləcək

Azərbaycanda yalnız bu komanda həftəsonu məşq edə biləcək Qəbələ komandası Azərbaycan Premyer Liqasındakı ev oyunlarını öz meydanında keçirəcək.
Futbol
5 İyun , 2020 17:44
Azərbaycanda yalnız bu komanda həftəsonu məşq edə biləcək

"Qəbələ" komandası Azərbaycan Premyer Liqasındakı ev oyunlarını öz meydanında keçirəcək. 

Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, oyunların azarkeşsiz keçirilməsi qərarına baxmayaraq, komanda Qəbələdə oynamağı üstün tutub. 

Z.Əzizov kollektivin artıq təmsil etdiyi rayonda olduğunu bildirib: "Müvafiq qərar məşqçilər heyətinin istəyinə əsasən qəbul edilib. Komandaların karantin müddətində "Qəbələ"yə necə gedib-gəlməsi Peşəkar Futbol Liqasının verəcəyi qərardır. Qəbələdə oynamaq bizim hüququmuzdur". 

Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Gəncə, Sumqayıt, Abşeron və Lənkəranda həftəsonu küçəyə çıxma qadağası qoyub. "Qırmızı-qaralar" isə paytaxtdakı hazırlıqları tamamlayaraq, Qəbələyə yollanıblar. Klub rəsmisi bu addımı həftəsonu rayonda olmaq üstünlükləri ilə əlaqələndirib: "Sabah hansısa komanda hazırlıq prosesini Qəbələdə keçə bilər. Hərçənd, bu barədə bizə müraciət daxil olmayıb". 

Öz növbəsində, Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev "Report"a açıqlamasında "Qəbələ"nin ev oyunlarını öz meydanında keçirməsi ilə bağlı problemin olmayacağını söyləyib. PFL rəsmisi bildirib ki, məsələ ilə bağlı müvafiq icazə alınacaq: "Bu gün üçün belə bir problem yoxdur. "Qəbələ" ev oyunlarını öz meydanında keçirəcək. Amma sabah hər hansı problem olsa, onda nəsə etmək olar". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda həftəsonu qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi