​Azərbaycana böyük hesabla məğlub olan Rusiya millisinin baş məşqçisi istefaya göndərilib

​Azərbaycana böyük hesabla məğlub olan Rusiya millisinin baş məşqçisi istefaya göndərilib Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi bu barədə qərar qəbul edib
Futbol
26 Noyabr , 2015 01:37
​Azərbaycana böyük hesabla məğlub olan Rusiya millisinin baş məşqçisi istefaya göndərilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib.

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi qərar qəbul edib.

RFS-nin prezidenti Vitali Mutko 46 yaşlı mütəxəssislə anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğunu bildirib. O, Xomuxanın rəhbərliyi altında qeydə alınmış nəticələrin onları qane etmədiyini və baş məşqçinin özünü peşəkar futbolda sınamaq istədiyini açıqlayıb. Mutko Xomuxanın bu vəzifəyə təyinatının təşəbbüskarı olduğunu söyləyərək, öz günahını etiraf edib.

Qeyd edək ki, Dmitri Xomuxa 2010-cu ildən çalışdırdığı 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasına növbəti il Avropa çempionluğu qazandırıb. 2013-cü il Dünya çempionatında isə bu komanda 1/8 finaladək irəliləyib. Ardından o, U-19 millisinin baş məşqçisi təyin olunub və bu komandaya iyulda Avropa çempionatının gümüş medalını qazandırıb. Lakin Xomuxanın avqustdan rəhbərlik etdiyi U-21 yığması cari seçmə tsikldə 4 oyundan 3-də uduzub. Sonuncu məğlubiyyət noyabrın 17-də Bakıda Azərbaycan millisi ilə Avro-2017-nin seçmə qrup matçına təsadüf edib. Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığma şimallı həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın edib.

Son xəbərlər

Orphus sistemi