Azərbaycan yığmasının futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib

Azərbaycan yığmasının futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib Renat Dadaşov “Ayntraxt”dan aşağı liqa klubuna keçə bilər
Futbol
4 Yanvar , 2018 09:49
Azərbaycan yığmasının futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib

Bakı. 4 yanvar. REPORT.AZ/ Almaniyanın “Ayntraxt” klubunun direktoru Fredi Bobiç Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovu tənqid edib. “Report”un məlumatına görə, 46 yaşlı funksioner “Bild”ə açıqlamasında 18 yaşlı hücumçunun nizam-intizamından narazı qaldıqlarını söyləyib.

Bobiç bildirib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün Dadaşovun fiziki durumu zəifləyib. O, yığma üzvünün peşəkar davranmadığını vurğulayıb: “Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Bu sözləşməni imzalayan futbolçu peşəkar davranmalıdır. Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb”.

Gənc futbolçu cari mövsümdə “Ayntraxt”ın U-19 komandasının heyətində keçirdiyi 9 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Lakin mövsümün ilk yarısındakı oyunların birində qırmızı vərəqə alan Dadaşov 3 oyunluq cəzalanıb. Hazırda onun III Liqada çıxış edən “Halleşer”ə icarəyə veriləcəyinə dair xəbərlər yayılıb. Lakin Bobiç bu barədə heç nə eşitmədiyini söyləyib: “Halleşer”in marağı barədə məlumatsızam. Əsas odur ki, Renatı asanlıqla əldən verməyək. Onun qeyri-adi keyfiyyətləri var”.

Qeyd edək ki, Renat Dadaşov “Ayntaxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb.

Son xəbərlər

Orphus sistemi