Azərbaycan yığması Valentin Qranatkin turnirində qrup sonuncusu olub

Azərbaycan yığması Valentin Qranatkin turnirində qrup sonuncusu olub Slovakiya ilə oyunda da məğlubiyyət qeydə alınıb
Futbol
13 Yanvar , 2017 17:17
Azərbaycan yığması Valentin Qranatkin turnirində qrup sonuncusu olub

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda son oyununu keçirib. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Slovakiya ilə qarşılaşıb.

Qarşılaşma rəqiblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması oyunun 64-cü dəqiqədə Ricar Qarayevin qırmızı vərəqə almasından sonra mübarizəni 10 nəfərlə davam etdirib. Həmin epizodda təyin olunmuş penaltini Yakub Kudlişka dəqiq yerinə yetirə bilməyib. Yeganə qolu isə 88-ci dəqiqədə Vitsian Martin vurub.

C qrupunun bu gün keçirilən digər oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını 5-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. Slovakiya isə 5 xalla qrup mərhələsini ikinci pillədə başa vurub.

Aktivində 4 xal olan Litva və 1 xal olan Azərbaycan yığmaları isə müvafiq olaraq, 3-4-cü pillələrdə qərarlaşıb. Hər iki komanda 9 - 16-cı pillələr uğrunda mübarizə aparacaq. Rəqiblər D qrupunun az sonra başlanacaq Moldova - İran və Sloveniya - Sankt-Peterburq matçlarından sonra müəyyənləşəcək. 

Son xəbərlər

Orphus sistemi