Bakı. 17 yanvar. REPORT.AZ/ FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9 - 12-ci yerlər uğrunda ilk görüşdə Estoniya yığması ilə qarşılaşacaq.
Qalib komanda 9-cu yer üçün Belarus - Moldova matçının ən güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə 11-ci yer uğrunda mübarizə aparacaq.
Növbəti mərhələnin oyunları yanvarın 20-də olacaq. Turnirə isə bundan bir gün sonra yekun vurulacaq.
Valentin Qranatkin turniri, 9 - 12-ci yerlər uğrunda görüş
20:00. Estoniya - Azərbaycan
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.