Azərbaycan vətəndaşlığından imtina edən futbolçu: "Hər kəsdən üzr istəyirəm" - VİDEO

Azərbaycan vətəndaşlığından imtina edən futbolçu: "Hər kəsdən üzr istəyirəm" - VİDEO Abdulla Abatsıyev insident haqda danışıb
Futbol
19 Mart , 2016 11:57
Azərbaycan vətəndaşlığından imtina edən futbolçu: Hər kəsdən üzr istəyirəm - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ "82-ci dəqiqədə əvəzləndim, oyunun qalan bölümünü ehtiyat oyunçular skamyasından izləyirdim". "Report"un məlumatın görə, bunu "Match TV"yə açıqlamasında Azərbaycan vətəndaşlığından imtina edən "Torpedo"nun futbolçu Abdulla Abatsiyev Rusiya liqasında "Sibir"ə qarşı keçirilmiş oyunda baş verənlərə aydınlıq gətirərkən deyib.

Rəqib futbolçu Roman Belyayevə təpik vurduğu üçün 6 oyunluq diskvalifikasiya olunan A.Abatsıyev hadisəni belə şərh edib: "Rəqibin Qluşakova qarşı arxadan sürüşmə fəndi etdiyi yadımdadır: sağ ayağı ilə topu çıxarır, solla isə komanda yoldaşıma arxadan zərbə vurdu. Bu yaramaz hərəkət idi. Nikita onu itələdi və qarışıqlıq düşdu. Kənarda dayanıb izləyirdim. Həmin zaman meydana girib kimisə vurmaq fikrim yox idi. Qəfildən rəqibin ehtiyat oyunçular skamyasından bir neçə nəfər ayağa durub komanda yoldaşlarımın üstünə şığıdı. Biri ayağından vurdu. Bundan sonra anladım ki, ciddi dava-dalaş başlayır və meydana qaçdım. Elə alındı ki, mən də zərbə endirdim. Emosiyalar həddən artıq yüksək idi, axı bizimkiləri vururdular! "Sibir"in ehtiyatda oturan futbolçuları meydana girməsəydi, mən də girməyəcəkdim. Açıq zorakılıq gördükdə isə müdaxilə etmək qərarına gəldim. Xüsusi olaraq 7 nömrəli futbolçunu vurmaq istəmirdim. Sadəcə, o, iki qrup oyunçular arasındakı dəhlizə düşdü. Zərbə vurdum, geri çəkildim. O mənə yumruqla hücum etdi, yayındım. Sonra kənardan daha bir yumruq atdılar, yenə zərbədən qaçdım. Sonra isə bizi ayırdılar".

Futbolçu komandanın baş məşqçisi Valeriy Karpinin onu meydandan çıxardığını bildirib: "Karpin yaxınlaşıb məni meydanın kənarına doğru itələdi. Xüsusi heç nə demədi, sadəcə, "get, get, get buradan" deyə təkrarlayırdı. Dərhal fikirləşdim ki, mən niyə oraya getdim ki?! Emosiyalar üstün gəldi, bu, çox pisdir. Meydandan qovulmağı haqq etmişdim və cəzanı qəbul edirəm. Səhv etmişəm, indi bunu qəbul etməliyəm. Başımı aşağı salıb çalışmalı, cəzanın müddətinin bitməsini gözləməliyəm. Vacib oyunları buraxmalı olacam. Təəssüf ki, komandama kömək edə bilməyəcəm. Yalnız aprelin 25-də meydana çıxa biləcəm. Açığı, bütün bunları ən qısa zamanda unutmaq istəyirəm. Oyun zamanı hakimlik narahatlıq yaratmırdı, vəziyyət normal idi. İş ondadır ki, bir hissədə meydan sahiblərinin qapısına 3 penalti təyin etdi. Yoxsa Nizovtsev oyunu yaxşı idarə etdi. Fikrimcə, hər 3 halda penalti var idi. Bəlkə də kimlərsə onun obyektiv olmadığını deyir. Amma mən belə fikirləşmirəm. Mənim kimi fikirləşən xeyli sayda adam var. Penaltilər bizim qapıya təyin olunsaydı, heç kim bir söz də deməyəcəkdi".

O, təpiklə vurduğu futbolçu R.Belyayevdən üzr istəyəcəyini də söyləyib: "Onun nömrəsini götürmüşəm və bu gün zəng edəcəm. Hər şey olur, elə alındı ki, meydanda onunla dava etdim. Həyatdır, nə etmək olar? Eyni qazandan yemək yeyirik, qazancımız futboldandır. Meydanda yenə üz-üzə gələcəyik. Əsas odur ki, göz-gözə baxa bilək. Komanda, məşqçilər, rəhbərlik qarşısında da üzr istəyəcəm, azarkeşlərdən isə indi üzr istəyirəm. Bu hadisəyə görə hər kəsdən üzr istəyirəm. Haqsız idim".

Qeyd edək ki, Novosibirskdəki oyunun gedişində baş hakim İqor Nizovtsev meydan sahiblərinin qapısına 3 penalti təyin edib. Son dəqiqələrdə təyin olunan 3-cü penalti zərbəsindən sonra "Sibir"in futbolçusu Aleksandr Makarenko qonaq komandanın oyunçusu Nikita Qluşkovun ayağına zərbə endirib. İki oyunçu arasında mübahisə kütləvi davaya çevrilib.

Son xəbərlər

Orphus sistemi