Azərbaycan Premyer Liqasının XIII turunda iki rekord qeydə alınıb

Azərbaycan Premyer Liqasının XIII turunda iki rekord qeydə alınıb Yalnız “Sumqayıt”la “Səbail” arasındakı qarşılaşmada tamaşaçılar qol görməyiblər
Futbol
27 Noyabr , 2017 13:27
Azərbaycan Premyer Liqasının XIII turunda iki rekord qeydə alınıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XIII turda qapılara 16 qol vurulub. 

Bu da cari mövsümün ən yüksək göstəricisidir. Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4 top qeydə alınıb. “Kəpəz” - “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” – “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” – “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyiblər. 

Bunadək rekord 13 qolun vurulduğu I və XII turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub. Bu rəqəmin 4 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün XXVII turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” – “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün XXVII turunun “Qəbələ” – “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıblar.

Son xəbərlər

Orphus sistemi