Azərbaycan Premyer Liqasının debütantı mövsümün ən yaxşı futbolçusunu transfer edib

Azərbaycan Premyer Liqasının debütantı mövsümün ən yaxşı futbolçusunu transfer edib Cavid İmamverdiyev: “Karyeramda yeni səhifə açdım
Futbol
12 İyul , 2018 17:55
Azərbaycan Premyer Liqasının debütantı mövsümün ən yaxşı futbolçusunu transfer edib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cavid İmamverdiyevin keçidi ilə bağlı "Sumqayıt"la razılıq əldə edilib. Azərbaycan millisinin əsas üzvlərindən olan yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

İmamverdiyev yeni klubunun Mətbuat xidmətinə açıqlamasında “Sabah”ı karyerasında yeni səhifə adlandırıb: “Bu kluba keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyi, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdır”.

Baş məşqçi Elşad Əhmədov da İmamverdiyevin keçidi ilə bağlı fikirlərini bölüşüb: “Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır. İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın formasını geyinib. 28 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi 6 qarşılaşmanın hamısında şans qazanıb. İmamverdiyev İdman Araşdırmalar Mərkəzinin "Report" İnformasiya Agentliyinin dəstəyi ilə futbolçular arasında keçirdiyi sorğuda 2017-2018 mövsümünün ən yaxşı oyunçusu seçilib. 

Son xəbərlər

Orphus sistemi