Azərbaycan Premyer Liqasının bombardiri: "Milli komandaya düşmədiyimə görə kədərlənmirəm" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının bombardiri: "Milli komandaya düşmədiyimə görə kədərlənmirəm" - MÜSAHİBƏ "Təkliflər olub, lakin heç bir klubla danışığa getməmişəm"
Futbol
26 Aprel , 2017 12:56
Azərbaycan Premyer Liqasının bombardiri: Milli komandaya düşmədiyimə görə kədərlənmirəm - MÜSAHİBƏ

Bakı. 26 aprel. REPORT.AZ/ Bakının “İnter” futbol komandasının hücumçusu Rauf Əliyevin “Report”a müsahibəsi:

- Azərbaycan Premyer Liqasında bürünc medalları artıq təmin etmisiniz. Bu mənada "Kəpəz"lə səfər matçında ikinci heyətlə çıxmağınız nə dərəcədə realdır?

- Açığı, hələ bilmirik. Ötən tur "Qəbələ" ilə oyundan sonra komandaya istirahət verilmişdi. Bu gündən "Kəpəz"lə oyunun hazırlıqlarına başlayırıq. Görək, baş məşqçi nə qərar verəcək. Kimin oynayıb-oynamayacağından xəbərsizik.

- Bombardirlər siyahısına "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçlə birgə başçılıq edirsiniz. Vahid lider olmaq üçün ilk növbədə "Kəpəz"ə qarşı forma geyinməyiniz lazımdır...

- Əlbəttə, hansısa problem olmasa, oynamaq istəyirəm.

- Ötən mövsüm legioner futbolçu – “Qarabağ”dan Dani Kintana 15 qolla bombardir olmuşdu. Cari çempionatda isə yerli oyunçu hamını qabaqlaya bilər. Ozobiçi keçmək ehtimalını necə qiymətləndirirsiniz?

- Buna çox yaxınam. İkimizin də hesabında 11 qol var. Əlbəttə, bombardir olmaq istəyirəm. Görək, necə olacaq.

- Lakin Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki sənə dəvət göndərmir. Bununla bağlı nə deyə bilərsən?

- Bu, Prosineçkinin qərarıdır. Bəzən çağırır, bəzən yox. Öz işimi görürəm, çalışıram oyunumu göstərim.

- Yəni, əsas məqsəd milli komandaya düşmək yox, bombardir olmaqdır?

- Belə deyək də, milli komandaya düşmədiyimə görə kədərlənmir, bunun üçün “yanmıram”. Çağırsa da, sağ olsun, çağırmasa da. Klubdakı çıxışıma fikir verirəm.

- Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə görüşünə də “İnter”dən yalnız bir futbolçu dəvət olunmuşdu. Halbuki komandanızda yerli oyunçular çoxluq təşkil edir. Belə çıxır ki, nəinki Nizami Hacıyevin, ümumiyyətlə “İnter”in oyun fəlsəfəsi xorvatiyalı mütxəssisi qane etmir. Bu fikirlə razısan?

- Hər məşqçinin öz fikri var. Bununla bağlı bir söz deyə bilmərəm. Hər şey ola bilər.

- Şimali İrlandiyaya qol vurmuş futbolçulardansan. Bu mənada iyunun 10-da Bakıda keçiriləcək görüş üçün yığmaya dəvət alacağınızı gözləyirsən?

- Həmin vaxt hazır olaramsa və dəvət edərlərsə, oynamaq istərəm.

- Futbolçuların bəziləri “İnter”i tərk etməyə hazırlaşır. Sən nə fikirdəsən?

- Hələlik gözləyirəm, qərar verməmişəm.

- Başqa klublardan təklif var?

- Təklif var, lakin haradan olduğunu deyə bilmərəm.

- Bizdə olan məlumata görə, “Neftçi” və “Zirə” klubları xidmətinizdə maraqlıdır. Hansına keçmək istərdiniz: Avropa Liqasına vəsiqə qazanmağa yaxın olan “Zirə”yə, yoxsa bunu bacarmayan “Neftçi”yə?

- Təkliflər olub, lakin heç bir klubla danışığa getməmişəm. Hələ “İnter”də vəziyyətin necə olacağı bilinmir. Ona görə də qərar verməmişəm. Çempionatın başa çatmasın gözləyirəm. Hələ vaxta var.

- Bəs necə olur ki, artıq Səlahət Ağayev, Nizami Hacıyev və Tərlan Quliyev “İnter”dən “Neftçi”yə keçməyə qərar veriblər?

- Hərənin öz fikri var. Onlar üçün belə şans var idi, bundan da istifadə etdilər. Mən isə gözləyirəm. 

Son xəbərlər

Orphus sistemi