Ayxan Abbasov: "Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək" - YENİLƏNİB-2

Ayxan Abbasov: "Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək" - YENİLƏNİB-2 Əlbəttə, önəmli oyun idi. Rəqiblər xal itirmişdi. Çempionatda taleyimizi həll etməli idik. Futbolçular bu oyunun əhəmiyyətini anlayaraq, qələbəyə nail oldular.
Futbol
5 May , 2019 23:04

"Əlbəttə, önəmli oyun idi. Rəqiblər xal itirmişdi. Çempionatda taleyimizi həll etməli idik. Futbolçular bu oyunun əhəmiyyətini anlayaraq, qələbəyə nail oldular".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah"a qalib gələrək, Azərbaycan Premyer Liqasında yerlərini təmin etdikləri XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssisin sözlərinə görə, son turlarda yaxşı nəticələr göstərmələri adaptasiya prosesinin tam həyata keçirilməsi ilə əlaqədardır:

"Düzdür, nəticə baxımından indi vəziyyət yaxşıdır. Amma uduzduğumuz matçlarda da yaxşı oyun sərgiləyirdik. Sonradan futbolçularımız tədricən uyğunlaşdılar və bu da nəticələrdə özünü göstərməyə başladı".

Abbasov "Qəbələ" ilə Azərbaycan Kubokunun finalında da görüşəcəklərini nəzərə alaraq, eyni rəqiblə son tur matçına ehtiyatlı yanaşacaqlarını diqqətə çatdırıb:

"Hazırda Peyman Babayi və Vurğun Hüseynovun zədəsi var, Mehdi Cənnətov sarı vərəqə limitini doldurduğu üçün son turu buraxacaq. Çalışacağıq ki, kubokun finalına tam sağlam vəziyyətdə çıxaq".

"Sumqayıt" mayın 19-da Naxçıvanda keçirəcəyi final oyununa iki gün tez gedəcək. Oyun isə isti hava şəraitində gündüz vaxtı keçiriləcək. Abbasov bu amillərin komandasına hər hansı təsirini inkar edib:

"Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək. Yerli şəraitə uyğunlaşmaq üçün əslində minimum bir həftə lazımdır. Amma futbolu istənilən hava şəraitində oynamaq olar".


***22:53

"Oyun çox sönük keçdi. Ola bilsin, bu arxayınlıqla əlaqədar idi. Öz işimizi çətinə saldıq. 6-cı yerdən qurtulmaq üçün son turda "Zirə"yə qalib gəlməliyik".

"Report" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komanda Premyer Liqadakı ilk mövsümündə yerini qoruma tapşırığını yerinə yetirdiyi üçün son oyunlara arxayın çıxıb.

Əhmədov növbəti mövsüm də "Sabah"ın baş məşqçi postunda qalacağına dair rəhbərliklə ilkin danışığının olduğunu diqqətə çatdırıb. O, məsələnin mövsüm bitdikdən sonra həllini tapacağını söyləyib. Baş məşqçi daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə də qərarı rəhbərliyin verəcəyini vurğulayıb.


***21:51

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" debütant "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Əmir Ağayev vurub.

Bununla da "Sumqayıt" xallarını 26-ya çatdıraraq, Premyer Liqada qalmağı təmin edib. 27 xala malik "Sabah" 6-cı pilləyə enib. 20 xalla sonuncu olacağı rəsmiləşən "Keşlə" isə əsasnaməyə görə, elitanı tərk edib.

Son xəbərlər

Orphus sistemi