Yuxarı

Azərbaycan Premyer Liqasında "Neftçi" liderə, "Bakı" autsayderə çevrilib

Xəzər Lənkəran Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Bakı.17 noyabr. REPORT.AZ "Araz Naxçıvan" klubunun xaric edilməsi barədə AFFA İntizam Komitəsinin qərarından sonra Azərbaycan Premyer Liqasında qalan 25 turun 9 komanda ilə davam edəcəyi müəyyənləşib. "Report"un məlumatına görə, bu itki komandaların turnir cədvəlindəki mövqelərinə də təsir edib. 

11 tur ərzində "Araz Naxçıvan" cəmi 10 oyuna çıxıb. Bu görüşlərdə "Neftçi"ni ilk turda 3:0 hesabı ilə məğlub etmiş baş məşqçi Əsgər Abdullayevin komandası növbəti xalını VIII turda AZAL klubu ilə ev oyununda qazanıb - 2:2. "Qarabağ"la III turda keçirilməli olan ev oyunu isə təxirə salınıb. Qalan oyunlarda isə Muxtar Respublika təmsilçisi uduzub. İntizam Komitəsinin qərarı ilə Naxçıvan komandasının iştirakı ilə bütün nəticələr ləğv olunub. 

Bu qərardan sonra "Neftçi" 9 oyundan 20 xalla liderə çevrilib. "Qarabağ" 9 oyundan 20 xalla 2-ci pilləyə enib. "İnter" 10 oyundan 15 xalla 3-cü pillədə qalıbsa, "Xəzər Lənkəran" 10 oyundan 14 xalla 4-cü pilləyə yüksəlib. 

"Araz Naxçıvan"ın kənarlaşdırılması daha çox "Qəbələ"nin ziyanına olub. Çünki yalnız bu klub dağılmış komanda ilə 2 görüşə çıxıb və hər 2-sini qələbə ilə başa vurub. İntizam Komitəsinin qərarından sonra "Qəbələ" 9 oyundan 12 xalla 5-ci pilləyə enib. "Simurq" 10 oyundan 11 xalla 6-cı, "Sumqayıt" isə 10 xalla 7-ci pillədə qalıb. Qərardan bəhrələnən AZAL 9 oyundan 9 xalla 8-ci pilləyə yüksəlib. Əvəzində "Bakı" 10 oyundan 8 xalla 9-cu pilləyə enib. 

Qeyd edək ki, "Araz Naxçıvan"ın kənarlaşdırılmasından Azərbaycan Kubokunda "Xəzər Lənkəran" da faydalanıb. Cənub klubu 1/8 finalda üz-üzə gəlməli olduğu rəqiblə oyunu keçirmədən növbəti mərhələyə yüksəlib. "Xəzər Lənkəran" 1/4 finalda “Şahdağ” - “İnter” cütünün qalibi ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi