Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək

Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək Turun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək
Futbol
5 Mart , 2016 07:25
Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV tura start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Xəzər Lənkəran" və AZAL komandaları üz-üzə gələcək. Lənkəranda baş tutacaq görüş hər iki komanda üçün əhəmiyyət daşıyır. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda səfərdən 3 xalla dönəcəyi təqdirdə xal ehtiyatını 32-yə çatdıracaq və ən yaxın qonşusu "Neftçi"ni 1 xal qabaqlayacaq. Lənkəran təmsilçisi isə Azərbaycan Kubokunun 1/4 finalında evdə "Neftçi"ni məğlub etdikdən (3:2) sonra çempionatda da qələbə qazanmağa çalışacaq. Son 4 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlir. 9 matçdır qonaq komanda qələbə qazana bilmir. “Xəzər Lənkəran” ardıcıl 11 ev oyununda meydanı qolsuz tərk etməyib.

Növbəti görüşdə "Neftçi" və "Qəbələ" komandaları "Bakcell Arena"da münasibətlərinə aydınlıq gətirəcək. Cütlüyün görüşündə maraqlı statistika diqqəti cəlb edir. Son 8 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Ardıcıl 4 görüşdə qonaq komanda 3 xal qazanıb. "Qəbələ" ən azından turnir cədvəlinin 3-cü pilləsinində möhkəmlənmək üçün çətin səfərdən qələbə ilə dönməlidir. Belə olarsa, "qırmızı-qaralar" 3-cü pillədə möhkəmlənəcək. "Neftçi" isə avrokubok iddialarını davam etdirmək üçün doğma azareşlər qarşısında xal itirməməlidir. Bu görüşdən sonra 3 xal meydan sahiblərinin aktivinə yazılsa, 34 xalla ən yaxın qonşusunu "Kəpəz"i 1 xal qabaqlayaraq 5-ci pilləyə yüksələcək.

"Sumqayıt" eyniadlı şəhərdə "İnter"i sınağa çəkəcək. "Qəbələ" ilə üçüncülük mübarizəsi aparan "bankirlər" davam etmək üçün səfərdən qələbə ilə dönməlidir. "Sumqayıt" isə AZAL-la xal fərqini azaltmaq üçün evdə məğlub olmamalıdır. Maraqlıdır ki, "İnter" bu komanda üzərində qələbəsini sonuncu dəfə 2014-cü ilin avqustunda qazanıb.

Turun mərkəzi görüşü "Azərsun Arena"da baş tutacaq. 48 xalla turnir cədvəlinin liderlik kürsüsünə əyləşən "Qarabağ" 4 xal qabaqladığı "Zirə"ni qonaq edəcək. Bu matçın Adil Şükürovun komandası üçün daha prinsipial olduğunu demək olar. "Zirə" səfərdə 3 xal qazanacağı təqdirdə "Qarabağ"la xal fərqini minimuma endirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə qələbə sayəsində birincilik mövqeyini möhkəmləndirəcək. Komandalar ölkə çempionatında 2 dəfə qarşılaşıb. Bu görüşlərin biri "Qarabağ"ın qələbəsi ilə yekunlaşıbsa, digərində bərabərlik qeydə alınıb - 4:1, 0:0.

Azarkeşlər turun son oyununda "Rəvan" və "Kəpəz" komandalarının oyununun şahidi olacaqlar. Turnir cədvəlinin sonuncusu "Rəvan" xal toplayaraq autsayder pilləsindən xilas olmaq istəyirsə, Gəncə təmsilçisi avrokuboka vəsiqə üçün çalışır. Cütlüyün son 3 qarşılaşmasında "Rəvan" qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XXIV tur

5 mart

14:00. "Xəzər Lənkəran" – AZAL

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Fazil Mürşüdov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

15:00. "Neftçi" – "Qəbələ"

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı. "Bakcell Arena" (CBC Sport)

17:00. "Sumqayıt" – "İnter"

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. "Kapital Bank Arena"

18:00. "Qarabağ" – "Zirə"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Azərsun Arena" (CBC Sport)

6 mart

16:00. "Rəvan" – "Kəpəz"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "Bayıl Arena" (CBC Sport)

Son xəbərlər

Orphus sistemi