Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Açılış matçında Bakının "İnter" klubu Gəncənin "Kəpəz" komandasını qəbul edəcək. Komandalar bugünədək ölkə çempionatında 20 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-ü paytaxt, 4-ü isə Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Qalan 3 oyunda bərabərlik qeydə alınıb. Topların nisbətində də "bankirlər" öndədir - 39:18.
"İnter" ev oyununda qələbə qazanarsa, 3-cü pilləyə yüksələcək. "Kəpəz" də səfərdən 3 xalla dönəcəyi təqdirdə, ilk üçlüyü qapayacaq.
Hazırda "Kəpəz" 32 xalla turnir cədvəlinin 4-cü, "İnter" isə 31 xalla 5-ci pilləsində qərarlaşıb.
Azərbaycan Premyer Liqası, XXII tur
15:00. "İnter" (Bakı) - "Kəpəz" (Gəncə)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov
AFFA nüməyəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun qalan oyunları 20-21 fevralda keçiriləcək.