Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq Bu gün “Kəpəz” “Qəbələ”ni, “Qarabağ” “İnter”i qonaq edəcək
Futbol
28 Fevral , 2017 06:07
Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq

Bakı. 28fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son oyun günündə iki matç keçiriləcək.

"Kəpəz” Gəncədə “Qəbələ”ni, “Qarabağ” isə Suraxanıda “İnter”i qonaq edəcək.

“Qarabağ”la eyni – 42 xala malik olmasına rəğmən, şəxsi görüşdə Ağdam klubunu üstələdiyi üçün zirvədə qərarlaşan “Qəbələ”ni çətin Gəncə səfəri gözləyir. Düzdür, “qırmızı-qaralar” cari çempionatda “Kəpəz”i ilk iki dövrənin oyunlarında məğlub edə bilib. Lakin istər Tellur Mütəllimov və Baqali Dabonun (2:0), istərsə də Filip Ozobiçlə Ruslan Qurbanovun qolları ilə əldə olunan qalibiyyətlər ev matçlarında baş verib.

Əslində, bu kollektivlər XIV turda Nizami yurdunda üz-üzə gəlməliydi. Ancaq “Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək, Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və görüşün yerinin dəyişdirilməsini xahiş edib. Bu səbəbdən “Qəbələ” cari mövsümdə ilk dəfə “Kəpəz”lə səfərdə qarşılaşacaq.

"Kəpəz” - “Qəbələ” duellərində üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Gəncəlilər 14 matçdan 4-də, rəqib isə 6-da qalib gəlib. Ancaq “Kəpəz”in 7 ev oyunundan yalnız 1-də “Qəbələ”yə uduzduğunu da qeyd edək.

Liderlə eyni xala malik olan “Qarabağ”ın cari çempionatda məğlub edə bilmədiyi bir komanda var – “İnter”. 33 xalla 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi Ağdam klubundan 9 xal geri qalsa da, rəqibinə yenilməyib. İlk dövrədəki matçda Reynaldonun hesabı açdığı matçda Ruslan Abışovun dublu sayəsində qalib gələn “ağ-göylər”, ikinci dueldə də 0:0 hesablı heç-heçəyə nail olublar.

“Qarabağ”la “İnter” bu gün 50-ci – yubiley oyununda üz-üzə gələcək. Əvvəlki 49 qarşılaşmanın 21-də Ağdam klubu, 11-də isə paytaxt təmsilçisi qalib gəlib. Ardıcıl 15 səfərdə qələbə üzü görməyən “İnter” 5 oyundur rəqib meydanında qol vura bilmir.

Azərbaycan Premyer Liqası

XX tur

28 fevral (çərşənbə axşamı)

15:00 “Kəpəz” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

İlk iki dövrə - 0:2, 1:2

18:00 “Qarabağ” – “İnter”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

“Azersun Arena”

İlk iki dövrə - 1:2, 0:0

Son xəbərlər

Orphus sistemi