Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq "İnter" "Neftçi"ni, "Sumqayıt" isə "Kəpəz"i qəbul edəcək
Futbol
9 Fevral , 2017 09:59
Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq

Bakı. 9 fevral. REPORT. AZ/ Bu gün keçiriləcək daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq. "Report"un məlumatına görə, "Qarabağ" və "Qəbələ"dən geri qalmamağa çalışan "İnter" komandası "Neftçi"ni, "Sumqayıt" isə "Kəpəz"i qəbul edəcək.

Sumqayıtda qonşuların dueli olacaq. 5-ci sıradakı "Sumqayıt" 1 pillə və 4 xal qabaqladığı "Kəpəz"lə növbəti matçına çıxacaq. Bu kollektivlərin ilk 2 dövrədəki oyunlarında qalib müəyyənləşməyib. "Gənclər şəhəri" təmsilçisi evdə artıq komandadan ayrılan Vaqif Cavadovun qolu ilə önə keçsə də, "Kəpəz" Kərim Diniyevin dəqiq zərbəsi ilə məğlubiyyətdən qaçıb. Gəncədə baş tutmuş dueldə isə qapılar toxunulmaz qalıb.

"İnter"lə "Neftçi"nin ilk 2 dövrədəki duellərinin ümumu nəticəsində də bərabərlik hökm sürür. "Ağ-göylər" "İnter Arena"da Rauf Əliyevin dublu sayəsində 3 xal əldə edib. "Neftçi" isə qış fasiləsində komandadan ayrılan Jonas Pesalli və Araz Abdullayevin qolları ilə qalib gəlib.

Bu gün yalnız "Sumqayıt"ın turnir cədvəlindəki mövqeyini dəyişmək imkanı var. Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Kəpəz"ə qalib gələcəyi halda, "Zirə" ilə eyni - 21 xala malik olacaq və şəxsi görüşlərdə üstün olduğu rəqibini qabaqlayacaq. 29 xalla 3-cü sırada olan "İnter" və 10 xalla 7-ci pillədə qərarlaşan "Neftçi" qalib gəlməklə yalnız xal ehtiyatını yaxşılaşdıra bilər. Eləcə də, "Kəpəz" "Sumqayıt"ı üstələsə belə, 6-cı pillədə qalacaq.

Azərbaycan Premyer Liqası, XVII tur

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Kapital Bank Arena"

İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0

17:30. “İnter” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Vüsal Əliyev

“İnter Arena”

İlk 2 dövrədəki oyunlar: 2:1, 1:2

Son xəbərlər

Orphus sistemi