Yuxarı

​Azərbaycan Premyer Liqasında XII tura start veriləcək

Turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk olaraq Şüvəlanda AZAL və "Kəpəz" komandaları üz-üzə gələcəklər. "AZAL Arena"da baş tutacaq görüşün ədalət təmsilçisi Fariz Yusifov olacaq. Bu qarşılaşma Gəncə klubu üçün böyk əhəmiyyət kəsb edir. Şahin Diniyevin rəhbərlik etdiyi komanda səfər görüşündən 3 xalla ayrılarsa, ilk üçlükdə qərarlaşacaq. "Kəpəz" hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb. Gəncəlilərin üçlükdəki ən yaxın qonşuları "Qəbələ" və "İnter" komandaları isə müvafiq olaraq 2 və 3-cü pillədədirlər. Bu iki komandanın da bu tur qarşılaşacağını nəzərə alsaq, ya "qırmızı-qaralar"ın, ya da "bankirlər"in xal itirəcəyini demək olar. "Kəpəz" və "Qəbələ" qələbə qazanarsa, "sarı-göylər" üçüncü, "İnter" qələbə qazanacağı təqdirdə isə Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ilə eyni xala sahib olacaq. Aktivində 8 xal olan AZAL isə turnir cədvəlinin 9-cu pilləsindədir. Tərlan Əhmədovun komandası xal itirəcəyi təqdirdə öz mövqeyini qoruyacaqsa, qələbə "təyyarəçilər"i ən yaxın qonşuları "Sumqayıt"a yaxınlaşdıracaq.

Günün son oyununda isə "Zirə" doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Əliyar Ağayevin baş hakimi olduğu matç Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma hər iki komanda üçün turnir cədvəlində mövqe dəyişikliyi baxımından böyük əhəmiyyət daşıyır. Meydan sahibləri 3 xala sevinərsə, komanda ilk 5-likdə gedən gərgin mübarizənin öndə gedənlərindən ola bilər. Təbii ki, burada "Kəpəz", "Qəbələ" və "İnter" komandalarının bu tur göstərəcəyi nəticələr də böyük əhəmiyyət kəsb edir. "Sumqayıt" isə səfərdən qələbə ilə dönəcəyi təqdirdə, 1 pillə də qalxa bilər. Samir Abbasovun rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi "Xəzər Lənkəran"ın bu həftə "Qarabağ"ı qəbul edəcəyini və bu qarşılaşmada qonaqların favorit olduğunu nəzərə alsaq, "Gənclik şəhəri" təmsilçisi 3 xal sayəsində ən azı 7-ci pilləyə yüksələ bilər.

Azərbaycan Premyer Liqası, XII tur

16:30. AZAL - "Kəpəz"

Baş hakim: Fariz Yusifov

"AZAL Arena"

18:30. "Zirə" - "Sumqayıt"

Baş hakim: Əliyar Ağayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər oyunları 8-9 noyabrda keçiriləcək.

1.Qarabağ1126
2.Qəbələ1121
3.İnter1119
4.Kəpəz1118
5.Zirə1118
6.Neftçi1113
7.Xəzər Lənkəran1112
8.Sumqayıt1111
9.AZAL118
10.Rəvan112
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi