Azərbaycan Premyer Liqasında XI tura 2 oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XI tura 2 oyunla yekun vurulacaq "Neftçi" və "Xəzər Lənkəran" səfərdə oynayacaq
Futbol
2 Noyabr , 2015 10:19
Azərbaycan Premyer Liqasında XI tura 2 oyunla yekun vurulacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyununda 2 qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında paytaxtın "Neftçi" klubu səfərdə Sumqayıtın eyniadlı təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək. "Gənclik şəhəri"ndəki "Kapital Bank Arena"da baş tutacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Premyer Liqada işləri yolunda getməyən "ağ-qaralar" səfər oyunundan 3 xalla ayrılacağı təqdirdə, turnir cədvəlində yalnız "Sumqayıt"ı qabaqlaya biləcək. Nəticədə Samir Əliyevin rəhbərlik etdiyi komanda siyahıda 6-cı olacaq. "Sumqayıt" isə ən yaxın üst qonşusu "Zirə" ilə xal fərqini 4-ə endirmək üçün mütləq qələbə qazanmalıdır. Cütlüyün qarşılaşmalarında 5 oyundur uduzmayan "Neftçi" son 6 matçda meydanı qolsuz tərk etməyib. "Sumqayıt" son iki ev oyununda eyni - 0:1 hesabı ilə uduzub.

Günün və turun son oyununda isə "Rəvan" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək. "Bayıl Arena"da baş tutacaq görüşdə meydan sahibləri nəticədən asılı olmayaraq turnir cədvəlinin sonuncu pilləsində qalacaq. 14 futbolçu ilə elitada 8-pillədə qərarlaşan "ağ-yaşıllar" isə səfərə qələbəsi sayəsində 6-cı pilləyə qədər irəliləyə bilər. Heç-heçə olacağı təqdirdə isə komandaların sıralamasında heç bir dəyişiklik olmayacaq. Öz aralarındakı oyunlara gəldikdə, "Xəzər Lənkəran" 6 görüşdür meydanı qolsuz tərk etməyib. Son 5 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb. "Xəzər Lənkəran" səfərdə qalib gəlməsə də, "Rəvan" ev oyunlarının hamısında qol vurub.

02 noyabr

19:00. "Sumqayıt" – "Neftçi" (Bakı)

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Əli Hüseynov

Sumqayıt, "Kapital Bank Arena"

21:00. "Rəvan" (Bakı) – "Xəzər Lənkəran"

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı, "Bayıl Arena".

Qeyd edək ki, turun digər qarşılaşmalarında "Qarabağ" evdə AZAL-ı 2:0, "Kəpəz" isə səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. "İnter" və "Zirə" komandalarının görüşündə isə hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi