Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq

    Son oyun günündə 2 qarşılaşma olacaq

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

    "Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma olacaq.

    Günün ilk matçı Şüvəlanda keçiriləcək. AZAL Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. "Kəpəz" səfərdən 3 xalla dönəcəyi təqdirdə turnir cədvəlinin 4-cü pilləsinə yüksələcək.

    "Təyyarəçilər" isə sonuncu pillədən ən azı növbəti turda yaxa qurtarmaq üçün bu gün mütləq qələbə qazanmalıdır. Komandalar bugünədək ölkə çempionatlarında 17 dəfə qarşılaşıb. AZAL 10, "Kəpəz" isə 3 oyunda qələbəyə sevinib. 4 oyunda heç-heçə qeydə alınıb. Cütlüyün görüşündə səfərdə oynayan tərəf 3 oyundur qola, 6 matçdır qələbəyə həsrətdir. AZAL isə indiyədək bu rəqibə evdə uduzmayıb.

    Turun son matçında isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcək. Turnir cədvəlində müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşan komandaların görüşündə qalib tərəf AZAL - "Kəpəz" oyununun nəticəsindən asılı olaraq 4-cü pilləyə qədər yüksələ bilər. Komandalar cəmi 5 oyunda münasibətlərinə aydınlıq gətirib. Görüşlərin 3-də "Zirə" qələbə qazanıb. 2 oyunda isə qalib müəyyənləşməyib. "Zirə" "Neftçi"nin tarixi ərzində məğlub etmədiyi yeganə komandadır. "Ağ-qaralar" son 3 matçda qol vura bilməyib. "Zirə" isə hər iki ev oyununda quru hesablı qələbə qazanıb.

    Azərbaycan Premyer Liqası, VIII tur

    16 oktyabr (bazar)

    16:00. AZAL – "Kəpəz"

    Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev

    Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

    AFFA nümayəndəsi: Arif Fərəcov

    Hakim-inspektor: Şaiq Həmidov

    "AZAL Arena"

    18:30."Zirə" – "Neftçi"

    Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev

    Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

    AFFA nümayəndəsi: Sakin Məmmədzadə

    Hakim-inspektor: Şahin Cəfərov

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. "İnter"- "Qəbələ" oyunu isə 1:1 hesabı ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi