Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq Son oyunda "Neftçi" və "Sumqayıt" komandaları qarşılaşacaq
Futbol
27 Sentyabr , 2016 08:01
Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən "ağ-qaralar" ev oyunundan qələbə ilə ayrılmağa çalışacaq. Bu "Neftçi"nin baş məşqçisi kimi Elxan Abdullayevin ikinci sınağı olacaq. Bakılılar E.Abdullayevin debüt oyununda "İnter"ə səfərdə uduzub - 1:2. "Sumqayıt" isə son bir həftədə iki oyun keçirib. Samir Abasovun baş məşqçi olduğu komanda V turda evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikdən sonra III turdan təxirə salınmış görüşdə səfərdə "Qəbələ"yə yenilib - 0:2. Komandalar ölkə çempionatlarında bugünədək 16 oyun keçirib. Bu görüşlərin 10-u "Neftçi"nin, 4-ü isə "Sumqayıt"ın qələbəsi ilə başa çatıb. Qalan 2 görüşdə isə bərabərlik qeydə alınıb. Qapılara vurulan toplarda da paytaxt təmsilçisi üstündür - 33:18. "Sumqayıt" son 8 görüşdə yalnız 1 qələbə qazanıb.

"Neftçi" bu tur qələbə qazanarsa, turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq. Komanda xal ehtiyatını 6-ya yüksəltmiş olacaq ki, nəticədə "Zirə" ilə 5-6-cı pillələri bölüşəcək. Heç-heçə və məğlubiyyət isə Elxan Abdullayein rəhbərlik etdiyi komandanın hazıda qərarlaşdığı 7-ci pillədən irəli getməsinə kömək etməyəcək. 4 xalla "Neftçi"dən bir pillə yüksəkdə qərarlaşan "Sumqayıt" isə səfər qələbəsi sayəsində xallarını "Kəpəz"lə bərabərləşdirəcək - 7 xal. Bərabərlik "Sumqayıt"ın hazırkı 6-cı pillədəki mövqeyini gücləndirəcəksə, məğlubiyyət Samir Abasovun rəhbərlik etdiyi komandanı 8-ci pilləyə endirəcək.

Azərbaycan Premyer Liqası, VI tur

27 sentyabr

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Masazır. "Əlincə Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İnter" səfərdə AZAL-ı 3:1, "Qəbələ" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" - "Qarabağ" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

N Klublar O Q H M T-F X
1 "Qəbələ" 6 5 1 0 17-0 16
2 "İnter" 6 4 2 0 11-6 14
3 "Qarabağ" 6 4 1 1 15-3 13
4 "Kəpəz" 6 1 4 1 6-6 7
5 "Zirə" 6 2 0 4 4-8 6
6 "Sumqayıt" 5 1 1 3 3-7 4
7 "Neftçi" 5 1 0 4 3-14 3
8 AZAL 6 0 1 5 2-17 1

Bombardir:

Baqali Dabo ("Qəbələ") - 6 qol.

Son xəbərlər

Orphus sistemi