Yuxarı

Azərbaycan Premyer Liqasında "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Sumqayıt öz meydanında AZAL-ı sınağa çəkəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun ikinci oyun günündə 2 görüş baş tutacaq.

Günə "Sumqayıt" - AZAL matçı ilə start veriləcək. Komandalar ölkə çempionatı tarixində bu günədək 18 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 3-ü "Sumqayıt"ın, 7-si isə AZAL-ın qələbəsiylə başa çatıb. Qalan 8 oyunda isə bərabərlik qeydə alınıb. Qış fasiləsindən sonra qələbəyə həsrət qalan Samir Abasovun rəhbrəlik etdiyi komanda doğma meydanda qalib gələrək "qara zolaq"dan çıxmağa çalışacaq. Belə olan halda "gənclik şəhəri" təmsilçisi ən yaxın qonşusu olan AZAL-la xal fərqini 4-ə endirəcək. "Təyyarəçilər" isə səfər qələbəsi sayəsində "Neftçi"nin 2 xal gerisinə düşəcək.

AZAL hazırda 26 xalla turnir cədvəlində 7-ci, "Sumqayıt" isə 18 xalla 8-ci pillədədir.

İkinci oyun gününə turun mərkəzi oyunu ilə yekun vurulacaq. "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni sınağa çəkəcək. Ölkə çempionatında ən çox qarşılaşan rəqiblər 63-cü dəfə üz-üzə gələcək. Bu oyunlarda kiçik üstünlüyə malik “Qarabağ” cari mövsümdə qalib gəlməyib. "Neftçi" isə 5 matçdır Qurban Qurbanovun komandası ilə səfər görüşündə qələbəyə həsrət qalıb. Prinsipial qarşılaşmada "Qarabağ" 3 xal sayəsində liderlik mövqeyini möhkəmləndirəcək, xal hesabını 47-yə çatdıracaqsa, "Neftçi" qələbəyə görə ilk 5-liyə yüksələcək. Hazırda 3 və 4-cü yerlərin sahibləri olan "Qəbələ" və "İnter"lə xal fərqini bərabərləşdirəcək.

"Qarabağ" hazırda 44 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi" isə 31 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası, XXII tur

15:00. "Sumqayıt" – AZAL

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov

AFFA nüməyəndəsi: Adil Nadirov

Hakim-inspektor: Xaqani Məmmədov

"Kapital Bank Arena"

16:30. "Qarabağ" – "Neftçi"

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov

AFFA nüməyəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Məlik Həsənov

"Azərsun Arena"

Qeyd edək ki, turun açılış oyununda "İnter" doğma meydanda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. "Xəzər Lənkəran" - "Zirə" və "Rəvan" - "Qəbələ" oyunu fevralın 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi