Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək - AFİŞA

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək - AFİŞA Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.
Futbol
2 Fevral , 2019 07:07
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək - AFİŞA

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.

"Report" xəbər verir ki, iki günü əhatə edəcək XV turun açılış matçında autsayder "Zirə" debütant "Sabah"ı qəbul edəcək. Bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. Hər iki oyunda "Sabah"a məğlub olan Samir Abasovun baş məşqçi olduğu kollektiv sonuncu pillədən qurtulmağa çalışacaq. Elşad Əhmədovun yetirmələri hər iki görüşdə qəsəbə təmsilçisini iki qolla məyus edə bilib. "Sabah" hazırda turnir cədvəlində 17 xalla 4-cü, "Zirə" isə 10 xalla 8-ci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmasında isə "Keşlə" doğma meydanda "Səbail"lə münasibətlərə aydınlıq gətirəcək. Komandalar indiyədək Premyer Liqada 6 dəfə qarşılaşıblar. Bu oyunların üçündə qonaqlar, ikisində isə meydan sahibləri qələbə qazanıb. Digər görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də "Səbail" öndədir - 6:5. Autsayderlər sırasından uzaqlaşmaq istəyən "Keşlə" son iki oyunda da Aftandil Hacıyevin komandasına 1:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv "Səbail"ə qarşı keçirdiyi son 4 qarşılaşmada meydanı qolsuz tərk etməyib. "Səbail" hazırda 21 xalla 3-cü, "Keşlə" isə 12 xalla 7-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, XV tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası, XV tur

3 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

I dövrə - 0:2; II dövrə - 1:2

19:00. “Keşlə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Mübariz Haşımov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

I dövrə - 1:2, II dövrə - 1:2 

Son xəbərlər

Orphus sistemi