Azərbaycan Premyer Liqasında ilin son turunun oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasında ilin son turunun oyunları keçiriləcək Tura Qəbələdə start veriləcək
Futbol
17 Dekabr , 2016 07:14
Azərbaycan Premyer Liqasında ilin son turunun oyunları keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin sn turunun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, tura Qəbələdə start veriləcək.

"Qəbələ" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Oyun Gəncədə keçirilməli olsa da, sonradan məkan dəyişdirilib.

"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab görüşünün də evdə keçirilməsini nəzərə alaraq, ot örtüyünün yararsız hala düşməməsi üçün matçın Qəbələdə keçirilməsini istəyib. Peşəkar Futbol Liqası da öz növbəsində "Qəbələ"dən razılıq məktubu aldıqdan sonra matçın keçirilmə yerini dəyişib. Qonaqlar görüşdən qələbə ilə ayrılacağı təqdirdə cari ilə 4-cü pillədə yekun vuracaq. "Qırmızı-qaralar" isə qış fasiləsinə birinci pillədə də yollana bilər. Bunun üçün "Qəbələ" qələbə qazanmalı, "Qarabağ" isə məğlub olmalıdır.

Komandalar bugünədək ölkə çempionatlarında 13 oyun keçirib. Bu görüşlərin 5-i "Qəbələ"nin qələbəsi ilə başa çatıb. "Kəpəz"in qələbə qazandığı və heç-heçə bitən oyunların sayı isə 4-ə bərabərdir."Qəbələ" ardıcıl 2 quru hesablı qələbə qazanıb. 9 görüşdür tərəflərin görüşündə heç-heçə qeydə alınmır.

"Sumqayıt" öz meydanında "Zirə"ni sınağa çəkəcək. Bu görüş turnir cədvəlində qonşu olan komandalar üçün böyük əhəmiyyət kəsb edir. "Sumqayıt" qələbə sayəsində 4-cü pilləyə qədər yüksələ bilər. Bunun üçün "Kəpəz" Qəbələ səfərində xal itirməlidir. Həmçinin "Zirə"nin də 4-cü pilləyə yüksəlməsi üçün komanda qələbə qazanmalıdır. Tərəflərin indiyədək olan görüşlərinin 3-də "Zirə", birində isə "Sumqayıt" qalib olub. Bir oyunda isə qalib müəyyənləşməyib. Son 3 oyunda qol vuran komanda qalib gəlib. Sumqayıtın eyniadlı komandası evdə qol vura bilməyib.

Bu görüşlər eyni vaxtda Mərdəkanda yerləşən "Dalğa Arena"da "Neftçi" - AZAL oyunu start götürəcək. Bu oyunun ilk olaraq "Bakcell Arena"da keçirilməsi açıqlanmışdı. Lakin havaların kəskin dəyişməsi, qarın yağması 8 km qəsəbəsində yerləşən arenanın ot örtüyünü yararsız hala saldığından matç Mərdəkanda keçiriləcək. Premyer Liqada uğursuz çıxış edən və turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların görüşünün nəticəsindən asılı olmayaraq heç bir dəyişiklik olmayacaq. Yalnız "Neftçi" qələbə qazanarsa, AZAL-dan uzaqlaşacaq və "Sumqayıt" - "Zirə" matçından asılı olaraq xal fərqini azaldacaq. "Təyyarəçilər" isə səfər qələbəsi sayəsində bakılılarla xal fərqini 1-ə endirəcək. Komandalar 31 görüşdə qüvvəsini sınayıb. 15 dəfə "Neftçi", 7 dəfə isə AZAL üstün tərəf olub. 9 oyunda isə paytaxt təmsilçiləri hərəyə bir xalla kifayətlənib. "Neftçi" ardıcıl 2 oyunda 2 top fərqi ilə qələbə qazanıb. AZAL son 3 qarşılaşmada qalib gələ bilməyib.

Premyer Liqada 2016-cı ilin son oyunu "Azərsun Arena"da olacaq. "Qarabağ" Bakının "İnter" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri məğlub olmayacağı təqdirdə liderlik mövqeyində qalacaqsa, 3 xal "İnter"i 2-ci pilləyə yaxınlaşdıracaq. Komandalar demək olar ki, bir-birlərini kifayət qədər tanıyır. Bu günə qədər ölkə çempionatlarında keçirilən 48 oyunun 21-də "Qarabağ", 11-də isə "İnter" qələbə qazanıb. 16 oyunda isə heç bir komanda 3 xal qazana bilməyib. Son 4 matçda meydan sahibi komanda uduzmayıb. "Qarabağ" 6 oyundur qol vurur. Son 15 səfərdə qalib gəlməyən "İnter" 4 qarşılaşmadır rəqib meydanında qol da vurmur.

Azərbaycan Premyer Liqası, XIV tur
17 dekabr

14:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

16:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"

16:00. "Neftçi" - AZAL
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Dalğa Arena"

17:00. "Qarabağ" - "İnter"
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
"Azersun Arena" (“CBC Sport”, canlı)

Son xəbərlər

Orphus sistemi